Bakıda tikinti şirkətləri tərəfindən aldadılmış vətəndaşlar mətbuat konfransı keçirdilər

Bakıda tikinti şirkətləri tərəfindən aldadılmış vətəndaşlar mətbuat konfransı keçirdilər

17 Aprel 2012 17:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Gen" MMC və "Fuad LTD" tikinti şirkətlərindən zərərçəkmiş şəxslər mətbuat konfransı keçiriblər. Konfransda çıxış edən "Fuad LTD" tikinti şirkətindən zərərçəkmiş şəxslərin hüquqi nümayəndəsi Ələkbər Məmmədov problemin ölkə prezidentinin diqqətində olduğunu bildirib: "Prezident İlham Əliyev zərərçəkmiş şəxslərin tez bir zamanda mənzillərlə təmin olunmaları barədə göstəriş verib. Lakin aşağı instansiyalar problemi həll etməkdə maraqlı deyillər. "Fuad LTD" şirkətinin rəhbəri Qasım Məmmədovun əməlləri nəticəsində 334 nəfər zərər çəkib. Həmçinin vətəndaşlara 10 milyon manat məbləğində ziyan dəyib. Biz məsələnin həll olunması üçün bütün instansiyalara müraciət etmişik. Lakin konkret iş görən yoxdur. Biz Qasım Məmmədovun həbs olunmasını istəyirik. Qasım Məmmədov özünü xeyriyyəçi və hacı kimi qələmə verib, vətəndaşların əmlakını mənimsəyib".

"Gen" MMC tikinti şirkətindən zərərçəkmiş Fəridə Ələkbərova isə problemin həllinin 6 ildən çox uzadıldığını deyib: "Gen" MMC-dən 380 nəfər zərər çəkib. Həmçinin 8 milyondan çox vəsait mənimsənilib. Martın 20-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbovla telefon əlaqəm olub. O, mənə bildirdi ki, bizi qəbul edəcək. Biz icra hakimiyyətinə gedəndə isə məlum oldu ki, onlar problemin həllini yubadırlar. Bizim aramızda evini satıb pulunu şirkətə verənlər, çox pis vəziyyətdə yaşayanlar var. Xahiş edirik ki, adiyyatı qurumlar bizə kömək etsinlər. Biz haqqımız olandan artıq bir şey istəmirik".
Mətbuat konfransından sonra zərərçəkmiş şəxslər Prezident Administrasiyasının (PA) binası qarşısında aksiya keçirməyə cəhd ediblər. Hadisə zamanı ərazidə çəkiliş aparan "Obyektiv TV"nin əməkdaşı Vəfa Nağıyeva polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb. Bölmədə V. Nağıyevanın çəkdiyi şəkillər və video-görüntülər kameranın yaddaşından silindikdən və ona şifahi xəbərdarlıq olunduqdan sonra sərbəst buraxılıb. Aksiya iştirakçıları isə polis əməkdaşları tərəfindən PA-nın binası qarşısından uzaqlaşdırılıblar.

O.M.