Vergi borclarına görə, Bakıda “Ef Tech” və “Salamander” mağazalarının əmlakı siyahıya alınacaq

Vergi borclarına görə, Bakıda “Ef Tech” və “Salamander” mağazalarının əmlakı siyahıya alınacaq

17 Aprel 2012 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları Bakının Yasamal rayonu, A.Şərifzadə küçəsi 100 ünvanda yerləşən Hüseynov Paşa Eldar oğluna məxsus "EF TECH" elektrik malları mağazasında əmlakı siyahıya alıblar.

Vergi əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində "EF TECH" mağazasında ötən ilin dekabr ayında 4 252 manat məbləğində vergi borcunun yarandığı müəyyənləşdirilib. Bu ilin mart ayının 28-də vergi ödəyicisinə borcun ödənilməsinə dair bildiriş göndərilib. Borc ödənilmədiyinə görə aprelin 6-da Vergi Məcəlləsinə əsasən vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi obyektin əmlakının siyahıya alınması barədə qərar çıxarılıb. Əmlakın siyahıya alınması tədbiri təsirini göstərib. Mağazanın sahibi P.Hüseynov əmlakın siyahıya alınması zamanı vergi borcunun 1 200 manatlıq hissəsini nağd ödəyib, qalan borc müqabilində isə obyektdəki 3 120 manat məbləğində 4 ədəd televizor müvafiq qaydada siyahıya alınıb.
Həmin gün vergi əməkdaşları Nəsimi rayonu, Nizami küçəsi, ev 77/9 və 68 ünvanda yerləşən "DESLA" MMC-yə məxsus "SALAMANDER" ayaqqabı mağazasında da əmlakı siyahıya alıblar. Vergi əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində MMC-nin 2 974 manat məbləğində borcunun olduğu müəyyən edilib, yanvarın 24-də borcun ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərilib. Vergi öhdəliyinə əməl olunmadığı üçün martın 29-da obyektdəki əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi ödəyicisi əmlakın siyahıya alınması prosesi zamanı vergi borcunun 1 500 manat məbləğində olan hissəsini yerindəcə ödəyib, qalan hissə müqabilində isə mağazadakı müxtəlif qadın və kişi ayaqqabıları siyahıya alınıb.

O.M.