“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədi tapıldı

“Günəşli”dəki qəzada itkin düşən neftçilərin cəsədi tapıldı

8 May 2020 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər dənizində boru kəmərlərinin monitorinqi həyata keçirilən zaman 190 metr dərinlikdə kəmərin alt hissəsində iki insan meyiti aşkarlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, meyiti tapılan şəxslərin 2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza zamanı itkin düşmüş 1954-cü il təvəllüdlü Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu və 1973-cü il təvəllüdlü Əliyev Əyyub Xəlil oğlu olduğu müəyyənləşib.

Meyitlərin üzərindəki şəxsiyyət vəsiqələri, habelə mərhumların ailələrinin rəyləri onların kimliyini təsdiqləyib. Boru kəmərinin inspeksiya işləri tam dayandırılıb, meyitlər bir neçə gün ərzində 190 metr dərinlikdən müvafiq avadanlıqlarla çıxarılaraq, Su Nəqliyyatında Baş polis İdarəsinə təhvil verilib.

"Ölüm faktı təsdiqlənən həmkarlarımıza və bütün “Günəşli” faciəsi qurbanlarına bir daha Allahdan rəhmət diləyirik", - deyə İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər isə itkin düşüb. Hadisə ilə əlaqədar Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci ilin 6 dekabr tarixində matəm günü elan olunub.

Oxuməni.az