Şəmkirdə 50 ton ehtiyatı olduğu proqnozlaşdırılan platin yatağı aşkar edildi

Şəmkirdə 50 ton ehtiyatı olduğu proqnozlaşdırılan platin yatağı aşkar edildi

17 Aprel 2012 11:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun jurnalistlərə verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb. Proqnoz ehtiyatları 50 ton hesablanmış bu yataqda hazırda geoloji qiymətləndirmə işləri aparılır.

H.Bağırov bildirib ki, son illərdə Azərbaycanda 4,5 ton qızıl emal olunub. Hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5 ton qızılın çıxarılması proqnozlaşdırılır.
Nazir ölkənin digər rayonlarında da yeni qızıl yataqlarının aşkar edildiyini bildirib: "Geoloqlarımızın səyləri nəticəsində son iki ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl yatağı aşkarlanıb və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb"

O.M.