Türk Şurası ölkələri nəqliyyat dəhlizlərinə xüsusi əhəmiyyət verir

Türk Şurası ölkələri nəqliyyat dəhlizlərinə xüsusi əhəmiyyət verir

1 May 2020 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırkı koronavirus pandemiyası dövründə Türk Şurası (Türk Kənəşi) ölkələri Trans Xəzər nəqliyyat dəhlizinin fəaliyyətin daha da artırmaq niyyətindədir.

Oxuməni.az Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən təşkilata üzv ölkələrinin nəqliyyat nazirləri arasında növbədənkənar onlayn görüş keçirilib. Belə ki, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Macarıstan, Özbəkistan, Türkiyənin aidiyyatı nazirləri arasındakı bu görüş Türkdilli Dövlətlər Əməkdaşlıq Şurasının koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunmuş aprelin əvvəlindəki növbədənkənar zirvə görüşü zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin irəli sürdüyü təşəbbüslərin yerinə yetirilməsi çərçivəsində təşkil edilib.

Koronavirusun yeni növünə qarşı mübarizə şəraitində nəqliyyat əməliyyatlarının fasiləsizliyini təmin etmək yollarının müzakirə olunduğu görüş zamanı Şərq – Qərb Trans Xəzər beynəlxalq nəqliyyat zolağı boyu yükdaşımalara yeniliklər gətirmək, habelə pandemiya fəsadlarının region dövlətlərinin iqtisadiyyatına təsirini dəf etmək üçün müvafiq tədbirlərlə bağlı fikir mübadiləsi aparıldı. Görüş iştirakçıları nəqliyyat kvotaları, tranzit tarifləri, üzv ölkələr arasındakı yığımlar və sürücü vizaları ilə bağlı güzəştlərin tətbiqi barədə razılığa gəliblər.

Həmçinin Xəzər dənizində Ro-Ro göndərişlərilə bağlı yığımların tənzimlənməsi, zəruri hallarda tranzit tariflərinin təqdimatı və qarşılıqlı olaraq sərhədlərdəki rüsumlardan azad edilməsi də müzakirə olundu. Yükdaşımalar və logistika sahələrini təkmilləşdirmək, mübahisəli məsələlərdə tez çarə tapmaq məqsədilə üzv ölkələrin nəqliyyat və ticarət nazirliklərinin, gömrük xidmətlərinin rəsmilərindən ibarət xüsusi qurumun yaradılması barədə qərar verildi.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Azərbaycan, Qazaxıstan, Gürcüstan, Ukrayna arasında Çindən Avropayadək uzanan Trans Xəzər beynəlxalq nəqliyyat zolağı boyu yükdaşımalarda güzəştli tariflərin tətbiqinə dair protokol imzalanmışdı. Həmin ilin oktyabr ayında da o zamankı Astana şəhərində yerləşən Trans Xəzər Beynəlxalq Nəqliyyat Zolağı (TİTR) adlı beynəlxalq təşkilat yaradılıb.

Oxuməni.az