Neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər

Neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər

4 Aprel 2020 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Energetika Nazirliyindən bildirilib ki, hazırda dünya neft bazarı iqtisadi aktivliyin zəifləməsi ilə əlaqədar neftə qlobal tələbatın kəskin azalması və neft ehtiyatlarının artmasının yaratdığı çətinliklərlə üzləşib. Belə ki, neftə qlobal tələbatın azalması gündəlik təxminən 10-15 milyon barrel civarında qiymətləndirilir. Ay ərzində tələbatın sutkada 20 milyon barrel azalacağı, tədarük profisti ilə əlaqədar yaxın aylarda neft anbarlarının tamamilə dolacağı proqnozlaşdırılır.
“Belə bir vəziyyətdə “OPEC+” formatında müzakirələrin bərpası və tənzimləmə mexanizminə qayıtmaq qlobal neft bazarı üçün mühüm əhəmiyyət daşıyır. Hesab edirik ki, neft istehsalçılarının həmrəyliyi, əməkdaşlığı neft bazarının iqtisadi amillərlə dəstəklənmədiyi situasiyada yeganə həll yoludur.

Biz indi neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındayıq. Hazırkı problemlər yalnız “OPEC+” ölkələrinə deyil, bu formatdan kənar ölkələrə də mənfi təsir edir. Ona görə də hesab edirik ki, neft bazarında tədricən balansın yaradılması üçün “OPEC+” formatından kənar ölkələr də bu prosesdə iştirak etməlidir. OPEC və digər qeyri-OPEC ölkələrinin geniş formatda əməkdaşlığı baş tutarsa, tarixdə ilk dəfə olaraq yeni bir nizamlama modeli formalaşar, neft bazarında daha effektli və ədalətli tənzimlənmə mexanizmi yarana bilər. Neft bazarında tarazlıq və qiymət sabitliyi əldə edilər.

Ümid edirik ki, “OPEC+” ölkələri bu nadir fürsəti mühüm qərara çevirəcək addımlar atacaq. Azərbaycan da indiyə kimi “OPEC+” formatının yaradılması və qərarlarının icrasında mühüm rol oynamış ölkə kimi neft bazarının tənzimlənməsi prosesinə bundan sonra da dəstək verməyə, yeni öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, Azərbaycan bütün neft ölkələrini qarşıdakı görüşdə vahid mövqedən çıxış edərək neft bazarına birgə dəstək verməyə çağırır”, - deyə nazirliyin məlumatında qeyd olunur.

Oxuməni.az