Etik davranış qaydalarını pozan 54 dövlət qulluqçusu işdən azad edildi

Etik davranış qaydalarını pozan 54 dövlət qulluqçusu işdən azad edildi

9 Aprel 2012 13:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya etik davranış qaydalarının pozulması ilə bağlı 62 müraciət daxil olub. Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, daxil olan müraciətlərdən 10-nun əsassız olduğu müəyyən olunub və 32 müraciət baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib. Daxil olan şikayətlərdən 2-si məhkəmə icraatında olduğu və 2-si isə müvafiq məhkəmələrin səlahiyyətinə aid olduğu üçün baxılmayıb. Bu müraciətlərdən 16-sı Komissiyanın "Qaynar xətti"nə daxil olmuş müraciətlərdir.

Ümumilikdə, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş 16 müraciət müsbət həll edilib. Belə ki, həmin müraciətlərin baxılması nəticəsində etik davranış qaydalarına dair qanunvericiliyin tələblərinin pozulması ilə qarşılaşmış şəxslər müvafiq dövlət orqanlarına dəvət edilib, vəzifəli şəxslər tərəfindən dinlənilib və müraciətlərində qaldırdıqları məsələlər üzrə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Daxil olan müraciətlərin çox hissəsi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 8-ci (insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) və 9-cu (mədəni davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı, digər hissəsi isə 4.1-ci (vicdanlı davranış), 5.2-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması), 12.1-ci (maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi), 15.1-ci (maraqlar toqquşmasının qarşısının alınması) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.
Komissiyaya daxil olmuş müraciətlərin təhlilindən müəyyən olunur ki, etik davranış qaydaları haqqında qanunvericiliyin müddəalarının tələbləri əsasən yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları tərəfindən pozulur. Hesabat dövründə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarının tələblərini pozan 679 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 619-u mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq edilib. Tətbiq edilmiş 619 intizam tənbeh tədbirindən 541-i töhmət, 32-si dövlət qulluğundan azad edilmə, 24-ü vəzifə maaşının azaldılması növündə olub. Ötən il yerli icra hakimiyyəti orqanlarında etik davranış qaydalarını pozan 60 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 39-u töhmət, 21-i dövlət qulluğundan azad edilmə növündə olub.

O.M.