Vüqar Rəhimzadə: "Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir"

Vüqar Rəhimzadə: "Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir"

4 Mart 11:35
1 290
Bəyəndim (0) Bəyənmədim (0)

“Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana davamlı uğurlar qazandırır. Bunu əsaslandırmaq üçün 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından ötən dövr ərzində Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə davamına geniş yol açdı. Bu gün haqqında bəhs etdiyimiz Cənub Qaz Dəhlizi görülən işlərin zirvəsi kimi dəyərləndirilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz çox nadir əməkdaşlıq formatını müəyyən etdik”.

Oxuməni.az-ın verdiyi xəbərə görə bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı ilə bağlı danışarkən deyib.

V.Rəhimzadə qeyd edib ki, 2015-ci ildən ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısı müxtəlif əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurların təqdimatında əhəmiyyətli rol oynayır:

“Hər bir toplantı Azərbaycanın bu sahədə iştirakçısı və təşəbbüsçüsü olduğu layihənin uğurla başa çatması, yaxud yeni layihənin gündəmə gətirilməsi ilə yadda qalır. 2018-ci il Cənub Qaz Dəhlizinin rəsmi açılışı, eyni zamanda, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi ilə yadda qaldı. 2019-cu ildə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cari ilin sonuna Cənub Qaz Dəhlizinin tərkib hissələrindən olan TAP-ın istifadəyə verilməsi nəzərdə tutulur. Artıq TAP-la bağlı işlərin 92 faizi həyata keçirilib. Dövlətimizin başçısı bu uğurlara söykənərək, ən əsası hər bir layihənin nəzərdə tutulduğu vaxtda başa çatdığını önə çəkərək bildirir ki, bu, bizim hamımızın uğur hekayəsidir.

“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, ölkə Prezidentinin tədbir iştirakçılarını gələn ilin fevralında ölkəmizə qonaq dəvət etməsi təsadüfi deyildi:

“Çünki hesab edirəm ki, TAP-ın tikintisinin tamamlanması bizim komanda işimizin sonu demək deyil. Düşünürəm ki, gələn ilin fevral ayında burada - Bakıda bir çox məsələləri nəzərdən keçirmək lazımdır. Sonra da biz gələcək üçün strategiyamızı hazırlayacağıq” söyləyən dövlətimizin başçısı bu fikirləri ilə Azərbaycanın hər layihənin uğurlu sonluqla başa çatmasının iştirakçısı olmaqla yanaşı, eyni zamanda, yeni layihələrin gündəmə gətirilməsində maraqlı olduğunu bir daha bəyan edir. Reallaşan hər bir layihə Azərbaycanın ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr edir. Qeyd etdiyimiz kimi, artıq əməkdaşlığın coğrafiyası genişlənmiş, iştirakçı dövlətlərin sayı artmaqdadır. Əsas olan məqsəd və bu məqsədə çatmaq üçün səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi və ümumi mövqenin ortaya qoyulmasıdır”.

V.Rəhimzadə bildirib ki, enerji layihələrinin uğurlu icrası Azərbaycanın dövlət büdcəsinə milyardlarla dollar vəsaitin daxil olmasına geniş yol açır:

“Neft gəlirlərinin səmərəli istifadəsi mühüm sosial-iqtisadi layihələrin icrasını şərtləndirir. 2003-cü ildən neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan addımlar məhz neft strategiyasının məntiqi nəticəsidir. Azərbaycanın dünya təcrübəsinə istinadən müəyyənləşdirdiyi iqtisadi strategiya onun dünyanı bürüyən maliyyə və iqtisadi böhrandan uğurla çıxmasına geniş yol açdı. Neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərqin çox yüksək olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, ona görə də bizim əsas məqsədimiz nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub.

Son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin 49 faizdən 4,8 faizə düşməsi onu göstərir ki, iqtisadi inkişaf, neft-qaz layihələri əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Son 16 ildə iqtisadiyyatımız 3,4 dəfə, xarici ticarətimiz 6,4 dəfə artıb. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollara çatıb. Təbii ki, bu uğurlarımız təkmil islahatların, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Cari ilin yanvarında ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan ilə qurum arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycanın bu uğura imza atmasını şərtləndirən əsas amil sənayemizin, qeyri-neft sənayesinin sürətlə inkişafıdır”.

“Göründüyü kimi, Azərbaycan malik olduğu təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi, həm də maliyyə imkanlarını artırır” söyləyən V.Rəhimzadə qeyd edib ki, bu uğurlarımız Azərbaycanın dostlarının, tərəfdaşlarının sayının artmasına stimul verir:

“Əsrin müqaviləsi»nin imzalandığı dövrdə Azərbaycanın çox riskli ölkə olduğunu önə çəkən dövlətimizin başçısı İlham Əliyevin “Bu vəziyyətdə investisiyaları cəlb etmək asan vəzifə deyildi. Lakin biz bunu edə bildik və 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqları üzrə müqavilə Azərbaycan və xarici şirkətlərdən ibarət konsorsium tərəfindən imzalandı. Bu, bizim tərəqqiyə, çiçəklənməyə və inkişafa doğru yolumuzun əvvəli idi” fikirlərinə istinad etsək, bu gün Azərbaycan dünyada ən sabit, təhlükəsiz, ən əsası etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır. Son 16 ildə enerji sektorundan asılılığın minimuma endirilməsi də ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyasının bariz nümunəsidir”.

Oxuməni.az