Kənd təsərrüfatı məhsullarının milli standartları yaradılacaq

Kənd təsərrüfatı məhsullarının milli standartları yaradılacaq

13 Fevral 2020 18:02
Bəyəndim (0) Bəyənmədim (0)

Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə elmi tədqiqat institutları rəhbərlərinin Azərbaycan Standartlaşdırma İnstitutu ilə işgüzar görüşü keçirilib. Görüşdə Əkinçilik, Tərəvəzçilik, Baytarlıq, Heyvandarlıq, Üzümçülük və Şərabçılıq, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutlarının direktorları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən Oxuməni.az-a verilən məlumata görə, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Standartlaşdırma İnstitutunun direktoru Namiq Tağıyev bildirib ki, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin, keyfiyyətinin, rəqabətqabiliyyətinin və ixrac potensialının artırılmasına nail olmaq üçün milli standartların müəyyən olunması vacib addımlardan biridir. Bu standartlar ölkədə istehsal edilən məhsul və xidmətlərin sərbəst hərəkəti üçün şərait yaradılmasını, beynəlxalq ticarətdə lüzumsuz texniki maneələrin aradan qaldırılmasını, daxili və xarici bazarda rəqabətə davamlılığın artırılmasını, regional və beynəlxalq standartlaşdırmaya münasibətdə milli iqtisadiyyatın maraqlarının əks etdirilməsini təmin edir.

Qarşılıqlı müzakirədə vurğulanıb ki, kənd təsərrüfatı məhsulları üzrə milli standartların yaradılması Strateji Yol Xəritələrində mühüm vəzifə kimi qarşıya qoyulub. Əkinçilik Elmi-Tədqiqat İnstitunun direktoru Faiq Xudayev taxıl məhsullarının, Baytarlıq Elmi-Tədqiqat İnstitunun direktoru Siyalə Rüstəmova dərman pereparatlarının, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitunun direktoru Vüqar Səlimov şərab məhsullarının, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru Elmar Allahverdiyev isə tərəvəz məhsullarının standartlarının yaradılması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirənin sonunda milli standartların hazırlanması ilə bağlı Texniki Komitənin təsis olunması, eləcə də institutlar üzrə alt komitələrin yaradılması qərara alınıb.

Oxuməni.az