Azərbaycan Dövlət Neft Şirkətinə mane olan bütün qanunsuz tikililər söküləcək
Neftli ərazilərdə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) neft-qaz əməliyyatlarına mane olan bütün qanunsuz tikililər söküləcək. Bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, hazırda ARDNŞ-ın elə əraziləri var
ki, orada neft quyularına yaxınlaşmaq, onları idarə etmək və hasilata nəzarət
etmək mümkün deyil: "Buna görə də hasilata birbaşa mane olan qanunsuz tikililər
söküləcək".
R.Abdullayev əlavə edib ki, söhbət yaşayış olan evlərdən
getmir: "Son vaxtlar bütün qadağalara və ciddi tədbirlərə baxmayaraq, həmin ərazilərdə
tikinti işləri yenə də davam etdirilir. Bu vəziyyətdə bizim əsas işimiz köhnə
tikililərin sökülməsindən çox yeni tikililərə imkan verməməkdir. Bu ərazilərdəki
bəzi sakinlər qanunsuz tikililəri hətta gecələr tikir və tikinti başa çatandan
sonra bu evlərdə artıq neçə illərdir yaşadıqlarını iddia edirlər. Amma bizi bu
məsələdə aldatmaq mümkün deyil. Çünki əlimizdə bu ərazilərin kosmosdan peyk
vasitəsilə fasiləsiz çəkilən şəkilləri var. Hansı tikintinin nə vaxt və hansı
saatda tikildiyini bilirik".
O.M.