Baytarlıq apteklərində aşkar edilən saxta dərmanlar məhv edildi

Baytarlıq apteklərində aşkar edilən saxta dərmanlar məhv edildi

29 Mart 2012 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Dövlət Baytarlıq Xidmətində (DBX) qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən saxta dərman preparatlarının zərərsizləşdirilməsi tədbiri həyata keçirilib. DBX-nin müfəttişlik sektorunun mütəxəssisi Tofiq Atazadə jurnalistlərə bildirib ki, fevral ayından başlayaraq Bakı şəhərində fəaliyyət göstərən bir sıra baytarlıq apteklərində reydlər keçirilib: "Reydlər zamanı məlum oldu ki, baytarlıq əczaçılığı ilə məşğul olan obyektlərə nəzarət gücləndirilsə də, hələ də apteklərdə qeyri-qanuni dərman preparatlarına rast gəlinir. Reydlər zamanı apteklərdən 55 adda baytarlıqda tətbiq edilən mənşəyi məlum olmayan dərman preparatları götürülüb və burada zərərsizləşdirilib".

T.Atazadənin sözlərinə görə, bu preparatlar əsasən Rusiya, İran, Türkiyə, qismən isə Polşa, Hollandiya, Avstriya, İordaniya və digər ölkələrdən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib. Baytarlıq apteklərində aparılan reydlər respublikanın digər rayonlarını da əhatə edəcək.

O.M.