Britaniya iqtisadiyyatı Brexit səbəbindən 70 milyard funt sterlinq itirəcək

Britaniya iqtisadiyyatı Brexit səbəbindən 70 milyard funt sterlinq itirəcək

31 Oktyabr 01:45
22
Bəyəndim (0) Bəyənmədim (0)

Britaniya iqtisadiyyatı ölkənin Avropa İttifaqının tərkibindən çıxması barədə Baş Nazir Boris Consonun təqdim etdiyi saziş səbəbindən 70 milyard funt sterlinq itirəcək.

Oxumeni.az BBC telekanalına istinadla xəbər verir ki, Britaniya Milli İqtisadi və Sosial Tədqiqatlar İnstitutunun hesablamalarına əsasən, Avropa İttifaqının tərkibində qalacağı vəziyyətlə müqayisədə Böyük Britaniyanın ümumdaxili məhsulu 10 ildən sonra 3,5 faiz azalacaq.

Mütəxəssislər bu sazişin ölkənin Avropa İttifaqından nizamsız çıxış riskini azaltdığını, lakin blokla daha sıx ticarət əlaqələri imkanlarını da istisna etdiyini düşünürlər. Ekspertlərin sözlərinə görə, Brüssel və London arasında imzalanan saziş qeyri-müəyyənliyi aradan qaldırsa da, gömrük və nizamlayıcı sədlər qitə ilə əmtəə və xidmət ticarətinə maneə yaradaraq Birləşmiş Krallığın bütün regionlarını pis vəziyyətdə qoyacaq.

Xatırladaq ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatası Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd edib. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılaşıb. Vəziyyəti dalandan çıxara bilməyən Tereza Mey istefa vermək məcburiyyətində qalıb. Onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub. Lakin parlamentin qəbul etdiyi qanun onu prosesin 2020-ci il yanvarın 31-nə qədər yenidən təxirə salınması xahişi ilə Avropa İttifaqı Şurasının rəhbərliyinə müraciət ünvanlanmağa vadar edib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)