Bakının Xətai rayonu ərazisində baş verən sürüşmənin ilkin səbəbləri açıqlandı

Bakının Xətai rayonu ərazisində baş verən sürüşmənin ilkin səbəbləri açıqlandı

5 Mart 2012 15:59
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin məlumatına görə, Xətai rayonu ərazisində baş verən sürüşməni yaradan səbəb təbii və texnogen amillər hesabına sürüşmə kütləsinə suyun daxil olmasıdır: "Sürüşmə müstəvisində nisbi stabillik davam edir. İndi gözləyirik tam stabil vəziyyət yaransın, yamacın gillə doldurulması, drenaj sistemlərinin qurulması, kommunikasiya xətlərindən axıntıların ləğv olunması və digər tədbirlə həyata keçiriləcək". Ş.Niftiyev bildirib ki, sürüşmə sahəsində sürüşmə kütləsinin gələcəkdə yenidən fəallaşması ehtimal olunur: "Bunun qarşısını almaq üçün sürüşməni yaradan amillər aradan qaldırılmalıdır". Onun sözlərinə görə, yeraltı suların əraziyə daxil olmasının qarşısı alınsa, sürüşmə ehtimalı aradan qaldırılacaq.

Baş mühəndis onu da qeyd edib ki, hazırda General Şıxlınski küçəsində su mənbələri axtarılır: "Bütün kanalizasiya xətlərinin üstü açılıb, sızıntıların qarşısı alınır, yağış sularının sürüşmə kütləsinə daxil olmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir".

O.M.