Bakının iki nöqtəsində torpaq sürüşməsi intensivləşib

Bakının iki nöqtəsində torpaq sürüşməsi intensivləşib

3 Mart 2012 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin açıqlamasına görə, son 3 gündə Bakının Xətai rayonunun General Şıxliniski küçəsi ilə Gəncə prospekti arasında yaşayış massivindəki sürüşmə sahəsində intensiv dəyişkənlik baş verib. Torpaq sürüşməsi prosesi davam edir. Bununla əlaqədar bu gün həmin ərazidə baş nazirin müavini Abid Şərifovun iştirakı ilə müşavirə keçirilib: "Sürüşmə ilə əlaqədar tədbirlər planı hazırlanıb. Təcili olaraq ərazidə sürüşmənin qarşısını almaq üçün tədbirlər həyata keçirilməlidir. Sürüşmənin qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təklif olunmuş tədbirlər planı həyata keçiriləcək". Ş.Niftiyev həmçinin qeyd edib ki, müşavirədə sürüşmənin qarşısını almaq üçün tədbirlər görülməsi üçün tapşırıqlar verilib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ərazidə bərkitmə işlərinin dərinliyini öyrənmək və sürüşmənin dinamikasını müəyyən etməkdən ötrü mühəndis geoloji tədqiqatları davam etdirəcək. Qalan tədbirlərlə əlaqədar da müvafiq qurumlara tapşırıqlar verildi".

Hazırda sürüşmə sahəsinin eni 150 metrə, uzunluğu 230-250 metrə qədərdir. Son 2 gündə çatların eni və uzunluğu artıb, çökmə prosesləri intensivləşib və sürüşmə aktiv formada inkişaf edir.

Ş.Niftiyevin sözlərinə görə, son bir həftə ərzində Qaraçuxur sürüşmə sahəsində də kəskin dəyişikliklər müşahidə olunub və aktivləşmə gedib. Nəticədə Qaraçuxur qəbiristanlığının bəzi qəbir daşlarında və qəbiristanlığın aşağı hissəsində sürüşmə prosesi qeydə alınıb. Onun sözlərinə görə, hazırda həmin ərazidə ETSN nümayəndələri tərəfindən müşahidələr aparılır: "İstinad divarlarında çatlar yaranıb. Dünəndən ərazidə nisbi stabillik var. Dünən qoyulmuş mayakların göstəriciləri stabildir. Hazırda Qaraçuxur sürüşmə sahəsinin eni 30-35 metr, uzunluğu 100 metrə yaxındır. Ora qədim sürüşmə sahəsidir".
Ş.Niftiyev qeyd edib ki, Bayıl sürüşmə sahəsində isə stabillik davam eləyir: "Bayıl ərazisində aktivləşmə və hər hansı neqativ hal müşahidə olunmur".

O.M.