«Bakı Ağ Şəhər» ərazisində ilk tikinti işləri başlandı

«Bakı Ağ Şəhər» ərazisində ilk tikinti işləri başlandı

3 Mart 2012 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

"Bakı Ağ Şəhər" layihəsindən verilən məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müvafiq sərəncamına əsasən "Bakı Ağ Şəhər" ərazisində növbəti yaşayış kompleksinin inşasına başlanıb. "Atkins" şirkəti (İngiltərə) və yerli mütəxəssislər tərəfindən layihələndirilmiş bu bina 6 bloklu 7 mərtəbəli tikilidir. Binanın inşa olunacaq Yaşıl Ada rayonunda hazırda ECOL (SOCAR) şirkəti tərəfindən çirklənmiş torpaqların təmizlənmə prosesi sona çatır. Yeni binanın yerləşəcəyi Xəqani Rüstəmov küçəsində layihə işləri artıq bitib və həmin küçə gələcəkdə müasir 6 zolaqlı eni 45 m olan, şəhərin iki əsas nəqliyyat magistralları - Nobel və Babək prospektlərini birləşdirən prospektə çevriləcək.

Eyni zamanda yerli və xarici sərmayəçilər tərəfindən bir neçə binanın tikilməsi məqsədilə hazırlıq işləri aparılır və bu sırada Nobel prospektində tikiləcək "Bakı Ağ Şəhər" ofis binasını misal gətirmək olar. "Bakı Ağ Şəhər"in nişan binalarından biri olan bu tikili hələ layihələndirmə mərhələsində beynəlxalq memarlarıq aləmində geniş tanınıb və "Gələcəyin Ən Görkəmli Layihəsi" nominasiyasında dəfələrlə təqdim olunub.
İki hektar ərazidə ucaldılacaq bu bina hazırda "Bakı Ağ Şəhər" layihəsinin təməl daşının yerləşdiyi kiçik meydanda tikilir. Hündürlüyü 137 metr olan bu 12 mərtəbəli binanın ümumi sahəsi birqat yerüstü və yeraltı avtodayanacaqlarla birgə 27 min kv. metr ofis ərazisindən ibarətdir. Bundan başqa, binada alternativ enerjinin alınması üçün günə 144,1 KVt həcmində günəş batareyaların quraşdırılması nəzərdə tutulub.
"Bakı Ağ Şəhər layihəsi" "Azərbaycan Respublikasında 2006-2010-cu illərdə ekoloji vəziyyətin yaxşılaşdırılması üzrə kompleks tədbirlər planı"ın təsdiq olunması haqqında Azərbaycan prezidentinin fərmanı çərçivəsində həyata keçirilir.

O.M.