Lerikdə torpaq sürüşməsi geniş əraziyə yayılır

Lerikdə torpaq sürüşməsi geniş əraziyə yayılır

29 Fevral 2012 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun məlumatına görə, hazırda Lənkəran-Lerik magistralında çətinlik yaranıb. Belə ki, yolun 6 yerində baş verən torpaq sürüşmələri nəqliyyatın hərəkətini çətinləşdirib. 43 saylı Lerik rayon Yol İstismar Sahəsinin işçi qüvvəsi və ağır texnikası tərəfindən yol hər gün torpaq çöküntülərindən təmizlənsə də, təhlükə hələ də qalmaqdadır. H. Məlikov torpaq sürüşmələrinin bu yolun 17, 23, 27, 37, 43 və 53-cü kilometrliklərində xüsusilə aktivləşdiyini, nəticədə isə yola nabələd olan sürücülər üçün nəqliyyat vasitəsini idarə etməkdə çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, torpaq sürüşmələri həmçinin rayonun 5 yaşayış məntəqəsində, o cümlədən Lerik şəhərində, Vizəzəmin, Mololand, Siyov, Hovil kəndlərində ümumilikdə 15 fərdi yaşayış evinə ziyan vurub: "Mövcud vəziyyətlə bağlı biz Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə müraciət etmişik. Hər iki qurumun mütəxəssisləri hadisə yerlərində olaraq vəziyyətlə tanış olublar. Ümid edirik ki, hökumət tərəfindən müvafiq köməkliklər göstəriləcək".

O.M.