Azərbaycanda vergi ödəyicilərinin cəmi 67%-i vergini könüllü ödəyir

Azərbaycanda vergi ödəyicilərinin cəmi 67%-i vergini könüllü ödəyir

23 Fevral 2012 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Vergilər Nazirliyində "Şəffaflıq və müasir texnologiyaların tətbiqi səmərəli vergi inzibatçılığının əsasıdır" mövzusunda keçirilən ictimai müzakirələrdə Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, vergi ödəyicilərinin 67%-i vergini könüllü ödəyir, qalan 33%-in bir hissəsi buna lazımınca məsuliyyətlə yanaşmır, bir hissəsi isə qəsdən vergidən yayınmaqla məşğuldur. Onun sözlərinə görə, Vergilər Nazirliyi könüllü ödəmə səviyyəsini azı 80-85%-ə çatdırmaq niyyətindədir: "Bu halda bir çox problemlər həllini tapacaq. İndiki nailiyyətlərin böyük hissəsi vergi inzibatçılığının gücləndirilməsi hesabına əldə olunub. Biz istərdik bu işlər həm də könüllü olsun".

S.Ələkbərov Azərbaycanda fəaliyyət göstərən bəzi xarici vətəndaşların da vergidən yayınmağa çalışdığını bildirib. Belə hallardan biri ötən ilin sonunda aparılan araşdırma nəticəsində aşkar olunub: "Bakıda sahibkarlıqla məşğul olan Britaniya vətəndaşlarından biri ayda cəmi 1 min manat gəlirinin olduğunu göstərirdi. Amma biz bilirdik ki, onun maaşı bu qədər ola bilməz. Ona görə də Britaniyaya sorğu verildi və məlum oldu ki, həmin adam ildə 2,5 mln. manat gəlirini gizlədib, bununla da 200 min manat vergi ödəməkdən yayınıb".

O.M.