Əmlak Məsələləri Dövlət Komitəsində korrupsiyaya qarşı mübarizə gücləndiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsində korrupsiyaya qarşı mübarizə gücləndiriləcək

21 Fevral 2012 12:49
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) 2011-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. Müşavirədə bildirilib ki, ötən il Komitədə Azərbaycan prezidentinin fərman və sərəncamları ilə verilmiş tapşırıqlara əsasən, dövlət əmlakının idarə olunması, qorunub saxlanılması, ondan səmərəli istifadə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, daşınmaz əmlakın vahid kadastrı və ünvan reyestrinin aparılması istiqamətlərində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilib.

Tədbirdə 2011-ci il yanvarın 27-də dövlət başçısının tapşırığı ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrası ilə bağlı Komitə tərəfindən keçən dövr ərzində görülmüş işlər də müzakirə edilib. Bildirilib ki, bu məqsədlə Komitə üzrə müvafiq əmrlər imzalanıb və icra tədbirləri görülüb. "ƏMDK tərəfindən dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahələrində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın artırılması, korrupsiya hallarına yol verilməməsi xüsusi prioritet təşkil edib. Proseduraların asanlaşdırılması, müraciətlərə vaxtında baxılması, şikayətlərin araşdırılması və həlli istiqamətində əməli tədbirlər görülüb və bu işlər davam etdirilir".
Müşavirədə dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində görülən işlər də müzakirə edilib. Komitə sədri Kərəm Həsənov modern və çevik idarəetmənin, fəaliyyət prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədi ilə tədbirlər görüldüyünü bildirib. Belə ki, Komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işləri aparılıb, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlanıb, Komitənin internet saytında elektron xidmətlər bölməsi yaradılıb.
Müşavirədə bildirilib ki, ötən il dövlət mülkiyyətinin özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyat sisteminin, habelə reyestrinin aparılmasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlakın istifadəsinə dair 12 normativ hüquqi aktın layihələri hazırlanıb, onlardan bir qismi artıq təsdiqlənib.
Həmçinin, Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası prosesində həyata keçirilən işlərin əlaqələndirilməsi, operativliyin və səmərəliliyin təmin edilməsi məqsədi ilə fəaliyyət göstərən Əlaqələndirmə Komissiyası tərəfindən Tədbirlər Planına uyğun olaraq 2011-ci il ərzində lazımi tədbirlər görülüb.
Müşavirədə qeyd olunub ki, ötən il Komitənin 193 nömrəli "qaynar telefon xətti"nə 450-ə, rəsmi internet səhifəsi vasitəsi ilə isə 250-ə yaxın on-line müraciət daxil olub. Daxil olan müraciətlər qeydiyyata alınaraq operativ cavablandırılıb. Komitənin fəaliyyəti ilə bağlı ictimai məlumatlandırma və maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədi ilə "Daşınmaz Əmlak Aylıq İnformasiya Bülleteni" və "Mülkiyyət" qəzetinin nəşri davam etdirilib.
Müşavirənin sonunda K.Həsənov fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi barədə tapşırıqlar verib. Bundan başqa, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə Komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub.
Komitə sədri dövlət əmlakının səmərəli idarə edilməsi və qorunub saxlanması, habelə zəbtolunma hallarının qarşısının alınması üçün işlərin gücləndirilməsi, bu istiqamətdə yerlərdə ciddi nəzarət tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində proseduraları və sənədləşdirilməsi zamanı lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməməsi, qeydiyyatla bağlı müraciətlərə vaxtında baxılması, xidmət keyfiyyətinin daha da artmasının vacibliyi, müraciətlərə operativ baxılması, ictimai məlumatlandırma tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

O.M.