AB-Bakı sazişi bu səbəbdən uzanır – Şok faktlar

AB-Bakı sazişi bu səbəbdən uzanır – Şok faktlar

19 May 2019 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanla Avropa İttifaqı arasında yeni sazişin imzalanması prossesi uzanır.

Bunu professor Fikrət Yusifov qeyd edib. O bildirib ki, prosesin uzanmasına səbəb Avropa Birliyinin irəli sürdüyü tələblərdir:

"Azərbaycanla Avropa Birliyi arasında yeni saziş üzrə danışıqlar davam edir. Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, iqtisadi sahədə əməkdaşlıq danışıqların əsas mövzularındandır. Sazişin təfərrüatı açıqlanmasa da, son illərdə Avropa Birliyinin bir sıra ölkələrlə bağladığı sazişlərdən Azərbaycan qarşısında hansı tələblərin qoyduğunu güman etmək olar. Məsələn, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qazaxıstanla imzalanmış sazişlər iqtisadi-ticarət sahəsində geniş əməkdaşlıq ehtiva edir. Bu sazişlərdən belə anlaşılır ki, Avropa Birliyi bu ölkələrlə ticarətdə və onların bazarlarına girişində böyük üstünlüklər əldə edib. Yuxarıda qeyd edilən sazişlərdə "maraqlı məqamlarla" rastlaşmaq olur. Məsələn, Avropa Birliyinin Qazaxıstanla sazişinə uyğun olaraq, sənaye müəssisələrinə satılan enerji və digər xammalın satış qiyməti müəyyənləşdirilərkən təchizatçının xərc və gəliri nəzərə alınmalıdır. Başqa sözlə, bu, enerji və digər xammalın faktiki bazar qiymətinə satışı deməkdir. Azərbaycan belə bir razılaşmaya gedərsə, onda əhaliyə satılan su, elektrik enerjisi və qazın qiymətində ciddi artım olacaq. Lakin belə bir addım dövlətin sosial siyasətinə ziddir və Azərbaycanın belə bir razılaşmaya getməsi inandırıcı deyil. AB-nin Ukrayna ilə də sazişinin "özəlliyi" diqqət çəkir. Belə ki, sazişə uyğun olaraq enerji daşıyıcılarının ixrac qiymətləri daxili bazarda tətbiq olunan qiymətlərdən yüksək olmamalıdır".

Fikrət Yusifov Avropa Birliyinin tələblərinin Azərbaycan vətəndaşları üçün qənaətbəxş olmadığını bildirib:

"Azərbaycanın böyük enerji ixracatçısı olması bu tipli tələblərin Avropa tərəfindən irəli sürülməsini istisna etmir. Bu cür tələblər Azərbaycan vətəndaşları üçün heç də qənaətbəxş hesab oluna bilməz. Belə ki, AB tələblərinə görə, ya enerji daşıyıcılarının daxili bazardakı qiymətləri dünya bazarındakı qiymətlər səviyyəsinə qaldırılmalıdır, ya da ixrac qiymətləri aşağı salınmalıdır. Birinci halda daxili bazarda qiymətlərin kəskin artımını gözləmək olar. Bu isə öz növbəsində ölkə daxilində qazın, elektrik enerjisinin, benzin və digər neft məhsullarının, eləcə də əlaqəli digər sahələrdə mal, iş və xidmətlərin qiymət artımına səbəb olacaq. İkinci ssenari isə ölkəyə daxil olan gəlirlərin kəskin azalmasına gətirib çıxaracaq. Çünki bu ssenarilərdən hər hansı birinin qəbulu bilavasitə əhalinin güzəranına, sosial müdafiəsinin zəifləməsinə, bütünlükdə həyata keçirilən çoxsaylı sosial layihələrin məhdudlaşdırılması ilə nəticələnər. Bu səbəbdən də Azərbaycanla AB arasında yeni sazişin imzalanması prossesi uzanır".