"Ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır"

"Ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır"

9 May 2019 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

"Ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində DOST Agentliyinin bir qrup işçisi və "Gənc DOST" könüllüləri ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Əziz dostlar, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. İlk DOST mərkəzi açılır, fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Keçən ilin avqust ayında mənim Sərəncamımla DOST Agentliyi yaradıldı və şadam ki, qısa müddət ərzində, heç bir il keçməmiş birinci mərkəz artıq fəaliyyətə başlayır. Bildiyiniz kimi, Bakıda, bütün bölgələrdə bütövlükdə 31 mərkəz yaradılacaq. Vətəndaşlara yüksək xidmət göstərmək üçün burada bütün şərait, bütün imkanlar var. Bina çox gözəldir, müasirdir, həm xarici görünüşü, həm də dizayn-tərtibat baxımından. Bu, bir daha onu göstərir ki, sosial sahə bizim üçün prioritet sahədir. Hər mərkəzdə təqribən 100-150 iş yeri olacaq, bu da çox önəmlidir. Hər bir mərkəzdə könüllülər qrupu fəaliyyət göstərəcək. Beləliklə, bu mərkəzlər vətəndaşlara yüksəksəviyyəli xidmət etmək üçün gözəl şərait yaradacaqdır.

Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir".

Prezident İlham Əliyev qeyd edib ki, "DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır:

"Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək. Beləliklə, bu sahə ilə bağlı bizim siyasətimiz daha da geniş miqyasda və məqsədyönlü şəkildə icra ediləcəkdir. Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin. Əlbəttə buna nail olmaq üçün, ilk növbədə, iqtisadi inkişaf olmalıdır və biz bu məsələ ilə bağlı ciddi məşğuluq. Qeyri-neft sektorunun, sahibkarlığın inkişafı bir-biri ilə bağlı olan məsələlərdir. Hesab edirəm ki, Azərbaycanda bu istiqamətdə işlər uğurla gedir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilir. Bildiyiniz kimi, özəl sektor ümumi daxili məhsulumuzda təqribən 80 faiz təşkil edir. Beləliklə, iqtisadi artım, iqtisadi sahədə aparılan islahatlar, büdcə daxilolmalarının artımı, əlbəttə ki, sosial sahəyə böyük diqqət göstərmək üçün imkan yaradır. Deyə bilərəm ki, bu ilin dörd ayında vergi və gömrük orqanları təqribən 400 milyon manata yaxın əlavə vəsait toplayıblar - 270 milyon manat vergi orqanları, 100 milyon manatdan bir qədər çox gömrük orqanları. Yenə də şəffaflıq, yenə də islahatlar hesabına. Bu əlavə maliyyə resursu imkan verir ki, biz pensiyaları, maaşları, sosial müavinətləri artıraq və bunu edirik. Bildiyiniz kimi, bu yaxınlarda çox ciddi sosial paket hazırlanıb təsdiqləndi və 3 milyona yaxın insan bu imkanlardan bəhrələnib. Bundan sonra da bu istiqamətdə işlər aparılacaq, minimum əməkhaqqının, minimum pensiyanın artırılması gündəlikdə duran məsələlərdir. Məşğulluğun inkişafı - yəni, qeyri-qanuni məşğulluqla mübarizə nəticə verir və beləliklə, ölkəmizin iqtisadi və sosial siyasəti bir-biri ilə uzlaşır. Bu, belə də olmalıdır. Ancaq biz bunu tam şəkildə icra etsək, ölkəmizin dayanıqlı uğurlu inkişafı təmin olunacaqdır".

Azərbaycan Prezidenti deyib ki, sosial sahədə bir önəmli təşəbbüs də Özünüməşğulluq Proqramıdır:

"Mən çox şadam ki, vətəndaşlar bu proqrama çox böyük maraq göstərirlər. Biz artıq bir neçə ildir ki, bu işlərlə məşğuluq. Son dövrdə bu sahədə daha fəal iş aparılır və şadam ki, müraciətlərin sayı artır. Mənim təşəbbüsümlə biz Dünya Bankı ilə bu məsələni müzakirə etdik. Biz onları da bu işlərə cəlb etdik. Dünya Bankı da öz maliyyə resurslarından istifadə edərək bu sahəyə vəsait ayıracaq və beləliklə, bu il təqribən 10 minə yaxın vətəndaş Özünüməşğulluq Proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyası artmalıdır. Bu, həm məşğulluğun artırılmasına xidmət edəcək, eyni zamanda, ölkə iqtisadiyyatına böyük töhfə olacaq. Özünüməşğulluq Proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox böyük əhəmiyyəti var.

Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz.

Sizi bir daha bu gözəl hadisə münasibətilə ürədən təbrik edirəm. Arzu edirəm ki, tezliklə növbəti DOST mərkəzləri yaradılsın. Sağ olun".