Azərbaycanda 541 989 nəfər ailə üzvünü əhatə edən 120 478 ailə ünvanlı sosial yardım alır

Azərbaycanda 541 989 nəfər ailə üzvünü əhatə edən 120 478 ailə ünvanlı sosial yardım alır

10 Fevral 2012 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ötən ilin yekunlarına dair toplantıda bildirib ki, Azərbaycanda 541 989 nəfər ailə üzvünü əhatə edən 120 478 ailə ünvanlı sosial yardım (ÜSY) alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir. ÜSY təyin olunan ailələrdən 97,9%-i vəsaiti plastik kart vasitəsilə alır: "Ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilib, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılıb. Eyni zamanda ünvanlı yardımın hesablanması üçün götürülən ehtiyac meyarının məbləği ötən müddətdə 84 manata çatdırılıb ki, bu da 2006-cı ildəki 30 manatla müqayisədə 2,8 dəfə artım deməkdir. Həmçinin yardım alan ailələrin təqribən 27%-i sosial reabilitasiya olunaraq yoxsulluq həddindən tam çıxarılıb".

F.Ələkbərov bildirib ki, 2011-ci il bir sıra yeni aktiv xarakterli sosial müdafiə proqramlarının işə salınması ilə əlamətdar olub: "Aztəminatlı ailələrin öz potensial imkanlarından istifadə etməklə gəlirlərini artırmalarına şərait yaradılması üçün Birdəfəlik sosial yardım - "Özünədəstək" proqramı hazırlanıb. Proqramın cari ildən bütün ölkədə icrası planlaşdırılır. Artıq digər pilot rayon olan Bakının Nizami rayonunda da layihə icra edilir".
Nazirin sözlərinə görə, ötən il nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 29 299 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlə təmin olunub. Son illərdə ölkədə bərpa-müalicə şəbəkəsi daha da genişləndirilib və indi nazirliyin ölkənin bütün regionları üzrə 14 bərpa mərkəzi fəaliyyət göstərir ki, onlarda hər il 8 mindən çox əlil insana bərpa-müalicə xidməti göstərilir. Respublika üzrə lazımi məlumatları özündə əks etdirən Vahid Məlumat Bazasında 160 000 nəfərdən çox əlil haqqında informasiya toplanıb. İl ərzində əlil və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə indiyədək 5 minə yaxın əlil və şəhid ailəsi mənzil ilə təmin olunub.
Nazir deyib ki, bu vaxtadək 3250-yə yaxın əlil vətəndaş minik avtomobili, 7500-dən çox əlil insan əlil arabası, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib: "2012-ci ilin tikinti planına əsasən, Gəncə şəhərində, eləcə də Bakının Sabunçu və Suraxanı rayonlarında hər biri 81 mənzilli, Sumqayıt şəhərində 96 mənzilli, Şəki və Şəmkir rayonlarının hər birində 36 mənzilli yaşayış binaları əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Bununla yanaşı, cari il ərzində Bakının Səbail rayonunda 12 mərtəbəli 96 mənzilli, regionlarda isə 4 ədəd 36 mənzilli, 5 ədəd 54 mənzilli binaların inşasına başlanacaq".

O.M.