Yer kürəsi 6-cı ölüm mərhələsinə qədəm basdı

Yer kürəsi 6-cı ölüm mərhələsinə qədəm basdı

10 Fevral 2012 12:58
Bəyəndim (0) Bəyənmədim (0)
IUCN: "2050-ci ilə qədər dənizdəki canlılar yox olacaqlar"

Утро.ru-nun məlumatına görə, Təbiəti Mühafizə Beynəlxalq Birliyinin (IUCN) prezidenti Aşok Xosla Moskvada çıxışı zamanı bildirib ki, yer kürəsi biosferin 6-cı ölüm mərhələsinə qədəm basıb. Bu isə o deməkdir ki, canlıların yarıdan çoxu məhv olacaq: "Biz yerdə həyat yaranandan bəri sayca 6-cı ölüm mərhələsinin başladığını müşahidə edirik. Ötən 5-ci mərhələdə 65 milyon il əvvəl dinozavrlar məhv oldular. Bu dəfə isə dənizdəki canlılar 2050-ci ilə qədər tam məhv olacaqlar. Belə ki, hər gün dünyada 50 hektar meşə kəsilir, 20 min hektar əkin sahələri səhraya çevrilir. Sutka ərzində atmosferə 60 milyon ton karbondioksit qazı atılır. Bu fəsadların nəticəsində okeanlarda suyun həcmi artacaq ki, nəticədə, 100 il ərzində əksər ada dövlətlər xəritədən silinəcək. İndi 19.6 mindən çox canlı, yəni dünyada mövcud olan bitki və heyvanların 1/3-i məhv olmaq ərəfəsindədir. Təsadüfi deyil ki, son 20 il ərzində "Qırmızı kitab"a düşən canlıların sayı iki dəfə artıb". Çıxışı zamanı elmi faktlara söykənən IUCN rəhbəri sonda qeyd edib ki, əgər insanların təbiətə qarşı yırtıcı münasibəti davam edərsə, 2050-ci ilədək dünyadakı canlıların sayı hiss olunacaq qədər azalacaq. Bu isə ekologiyadakı balansa və insan sağlamlığına ciddi ziyan vuracaq.

Odur ki, dünyanın ən yırtıcı heyvanı insandır. Çünki şüuru var...

Murad Şahməmmədov

O.M.