Müəllimlərin ali təhsil diplomları yoxlanılacaq

Müəllimlərin ali təhsil diplomları yoxlanılacaq

3 Fevral 2012 16:57
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyindən verilən məlumata görə, özəl təhsil müəssisələrinin verdiyi arayışla işə qəbul edilmiş pedaqoji kadrların sənədləri bir daha araşdırılacaq. Nazir Misir Mərdanov bununla bağlı nazirliyin aidiyyəti strukturlarına tapşırıqlar verib. Məlumata görə, ötən illər ərzində təhsil sənədi almış bu kateqoriyadan olan pedaqoji işçilərin diplomları araşdırılacaq. Həmçinin nazir bu günədək təhsil sənədi olmayanlarla əmək müqaviləsinin ləğvinin təmin edilməsi ilə bağlı da göstərişlər verib. M.Mərdanovun əmrinə əsasən, 1992-ci ildən etibarən xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomlarının nostrifikasiya edilməsi (ekvivalentliyinin tanınması) məqsədilə mövcud qaydada sənədlərin nazirliyə təqdim olunması istiqamətində tədbirlər görüləcək. Müxtəlif kursların vəsiqələri ilə işləyən şəxslərlə bağlanmış əmək müqavilələri ləğv ediləcək. Eyni zamanda saxta diplomla, habelə qanunsuz (lisenziyası olmadan) fəaliyyət göstərən təhsil müəssisələrinin verdiyi diplomla müəllim işləyənlərlə əmək müqaviləsinin ləğvi barədə rayon və şəhər təhsil şöbələri və idarələrinə müvafiq məktub göndəriləcək.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən indiyədək keçirilən ekspertizanın yekunlarına görə, orta məktəblərdə 482 nəfərin saxta təhsil sənədləri ilə işləməsi, 260 nəfərin qanunsuz fəaliyyət göstərən müəssisələrin diplomları ilə işləməsi, 468 nəfərin leqallaşdırılmamış diplomla işləməsi, 116 nəfərin özəl təhsil müəssisələrinin arayışları ilə işə qəbul olunması, 54 nəfərin müxtəlif kursların vəsiqələri ilə işə qəbul edilməsi müəyyənləşib.

O.M.