Bakıda bankomatlar donvurmadan işləmir

Bakıda bankomatlar donvurmadan işləmir

2 Fevral 2012 14:20
Bəyəndim (0) Bəyənmədim (0)
Vətəndaşlar kəsin hava şəraitində maaş və pensiyalarını ala bilmirlər

Havaların kəskin soyuması ilə əlaqədar Azərbaycan sözün əsl mənasında donub, iflic vəziyyətinə düşüb. Uşaq bağçaları, məktəblər işləmir. Aeroport fəaliyyətini dayandırıb. İctimai nəqliyyat fasilələrlə və qismən fəaliyyət göstərir. Həkimlər və yol polisi vətəndaşları evdən eşiyə çıxmamağa və avtomobildən istifadə etməməyə çağırırlar. Ərzaq dükanlarında təchizatda axsamalar baş verir. Yaranmış problemlər qiymətlərin artımına səbəb olub. Bura qəzalar zamanı sıradan çıxmış kommunal xətləri əlavə etsək, vəziyyətin acınacaqlı olduğunu görə bilərik. Bir sözlə, həyat donub. Təbii ki, hər kəs yaranmış ekstremal şəraitdən birtəhər çıxmağa çalışır. Başqa sözlə desək, insanlar azuqələrini toplayıb təbiətin şıltaqlıqlarını evlərində qarşılamağa çalışırlar. Bunun üçünsə təbii ki, pul lazımdır. Çünki işıqpulu, qazpulu gözləmir və həyat çox bahalıdır.

Bu gün insanlar əməkhaqqı və pensiyaların almaq üçün çətinliklə də olsa, bankomatlara üz tutmağa başlayıblar. Lakin burada da başqa bir problemlə qarşılaşıblar. Məlum olub ki, əsasən küçələrdə quraşdırılmış bankomatlar donvurmadan işləmir. Biz də Mətbuat prospektində "Kapitalbank"ın bankomatının timsalında analoji problemlə qarşılaşdıq. Əməkdaşımız və digər sakinlər nə qədər çalışsalar da, bankomat işləmədi. Şahidlərin oxumeni.az-a bildirdiyinə görə, şəhərin müxtəlif yerlərində quraşdırılmış bankomatlar eyni qaydada fəaliyyət göstərmir.

Məsələyə aydınlıq gətirmək üçün banklarla əlaqə saxlamağa çalışdıq. Lakin məlum oldu ki, aparıcı banklarda iş günü saat 15:00-da bitir.

Belə çıxır ki, qarın yağması ilə Azərbaycanda yaşamaq uğrunda mübarizə başlayır...

Murad Şahməmmədov

O.M.