Gəncə şəhərinin ərazisi 2 dəfə böyüdüləcək

Gəncə şəhərinin ərazisi 2 dəfə böyüdüləcək

2 Fevral 2012 12:49
1 550
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan Baş Planın konseptual layihəsi qəbul edilib.

Layihənin təqdimatında bildirilib ki, Gəncə ətrafında dairəvi yol qurulması şəhərə daxil olan avtomobillərin sayının kəskin şəkildə azalmasına səbəb olacaq. Şəmkir postundan Zazalı postuna və Göygölün "AZOS" qəsəbəsinədək ərazini əhatə edəcək dairəvi yolun daxilindəki bütün ərazilər Gəncə şəhərinin tabeçiliyinə veriləcək. Konseptual inkişaf layihəsinə əsasən, şəhərin ərazisi əlavə veriləcək torpaqlar hesabına 8800 hektardan 17 min hektara çatdırılacaq.
Gəncənin Baş Planı layihəsinin müəllifi, Azərbaycan Dövlət Layihə İnstitutunun memarı Rasim Əmirov hazırda şəhərdə sıxlığın 1 hektar / 97 nəfər nisbətində olduğunu bildirib: "Səbəb isə fərdi həyətyanı sahələrin çox olmasıdır. Yeni planda biz bu göstəricini artırmışıq. Plana əsasən bu sıxlıq orta hesabla 1 hektarda 110-120 nəfər təşkil edəcək olacaq. Şəhərdə nəqliyyatının sıxlığının azaldılması məqsədi ilə bir sıra yollar genişləndiriləcək. Yeni tikililərdə isə yolların enli götürülməsi əsas şərt olacaq".
Yeni Baş Plana əsasən şəhərdə bir sıra yeni zonaların yaradılması nəzərdə tutulub. Bunlar sənaye, təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət, istirahət zonalarıdır. Gəncənin iri sənaye mərkəzinə çevrilməsi məqsədi ilə yaradılacaq sənaye mərkəzində əsasən ağır sənaye, innovasiya tutumlu sahələr, toxuculuq və quşçuluq müəssisələrinin yaradılması planlaşdırılır. Eyni zamanda planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonası yaradılması da nəzərdə tutulur. Həmçinin çay kənarı 4.3 km ərazidə ilkin olaraq 2 kilometrdə bulvar yaradılacaq. Baş Plana əsasən, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin artırılması nəzərdə tutulur. Şəhərdə mövcud olan 145 hektar yaşıllıq sahəsi 2251 hektara çatdırılacaq. Tikiləcək yeni çoxmərtəbəli binalarda avtomobil dayanacaqları, xeyir-şər tədbirlərinin keçirilməsi məqsədilə ərazilər ayrılacaq, parklar, uşaq meydançaları yaradılacaq.
Daha sonra şəhər ziyalılarının Baş Planla bağlı fikir və təklifləri dinlənilib, baş planın şəhər üçün əhəmiyyətindən danışılıb. Təkliflər nəzərə alınmaqla Gəncə şəhərinin Baş Planı qəbul olunub.

O.M.