KİVDF ötən il 52 qəzetə 1.277 milyon manat vəsait ayırıb

KİVDF ötən il 52 qəzetə 1.277 milyon manat vəsait ayırıb

25 Yanvar 2012 18:27
772
Bəyəndim (0) Bəyənmədim (0)

25 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitə­lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şura­sı­nın növ­bəti iclası ke­çi­ril­­mişdir. İclası giriş sözü ilə açan Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclasın gündəliyindəki məsələlər barədə məlumat vermişdir:

1. Fondun 2011-ci ildəki maliyyə hesabatının müzakirəsi və qiymətləndirilməsi;

2. 2012-ci il üçün Tədbirlər Planının müzakirəsi və təsdiqi;

3. Ekspertlərin müəyyənləşdirilməsi və təsdiqi;

4. Cari məsələlər.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qurumun 2011-ci ildəki fəaliyyətinin yekunları barədə geniş məlumat vermişdir. 2011-ci ildə Fonda dövlət büdcəsindən 2 milyon 406 min 984 manat maliyyə vəsaitinin ayrıldığını xatırladan Vüqar Səfərli qəzet layihələrinin və fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin maliyyələşdirilməsi prosesinin lazımi səviyyədə həyata keçirildiyini demişdir. İcraçı direktor Fond tərəfindən 2011-ci ilin birinci yarısında 23 qəzetə 596 min manat, ikinci yarımilində isə 29 qəzetə 681 min manat vəsaitin ayrıl­­dığını bildirmişdir. Vüqar Səfərli il ərzində "Azərbaycan tele-məkanında ədəbi dilin qorunması" layihəsinin maliyyələşdirilməsinə 30 min manat vəsaitin ayrıl­dığını qeyd etmişdir.

Ümumilikdə, ötən il KİV layihələrinin maliyyələşdirilməsinə Fondun büdcəsindən 1 milyon 306 min 333 manat vəsait ayrılmışdır. Eyni zamanda, yalnız Fondun maliyyə vəsaiti hesabına Novruz bay­ramı, Azərbaycan Milli Mətbuatının yaranmasının 136-cı ildönümü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin 70 nəfər qalibinə 70 min manat pul mükafatı və xüsusi diplomlar veril­miş­dir. Eyni zamanda, Fondun Ekologiya və Təbii Sərvətlər Na­zirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 30, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 31, Nərimanov Rayon İcra Hakimiyyəti ilə keçirdiyi müsabiqənin nəticələrinə əsasən 11 nəfər jurnalist qalib elan olunmuşdur. Ümumilikdə, Fondun tək və müvafiq dövlət qurumları ilə birlikdə keçirdiyi müsabiqələrdə 142 nəfər jurnalist mükafatlandırılmışdır.

Fondun icraçı direktoru hesabat ilində Fondun təşəbbüsü ilə həyata keçi­rilən və mətbuat-cəmiyyət münasibətlərinin sivil məcrada inkişafına xid­mət edən çoxsaylı tədbirlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, Fondun təşəbbüsü ilə aparıcı media qurumlarının rəhbərləri Bakı Dövlət Universitetinin jurnalistika və Bakı Slavyan Universitetinin filologiya fakültələrində tələbələrlə görüşmüşlər. Yüksək fəallıq şəraitində keçən həmin görüşdə gənc tələbələr onları maraqlandıran məsələlərlə bağlı qəzet redaktorlarına müraciət etmişlər.

Fond 2011-ci il ərzində ayrı-ayrılıqda Bakının Suraxanı, Səbail, Nizami, Nərimanov və Yasamal rayon icra hakimiyyətləri ilə "Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu", "Media və cəmiyyət arasında əlaqələrin inkişaf etdirilməsi", "Müstəqil Azərbaycan 20: mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzularında konfrans­­lar keçirmişdir. Həmin rayonların rəhbər şəxslərinin, habelə ictimaiyyət nümayən­dələrinin və qəzet redaktorlarının iştirak etdiyi konfranslarda qarşılıqlı faydalı əmək­daşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Fond ənənəvi olaraq fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin mükafatlandırılması üçün Novruz bayramı, 22 iyul Milli Mətbuat Günü, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il ərəfəsində bayram şənlikləri təşkil etmişdir.

Sonra hesabat ətrafında müzakirələr aparılmış, Müşahidə Şurasının üzvləri Fondun ötən il ərzindəki fəaliyyəti ilə bağlı fikir və rəylərini bildirmişlər. Müşahidə Şurasının üzvü Vüqar Rəhimzadə çıxışında 2011-ci ili Fondun fəaliyyətində məhsuldar və uğurlu mərhələ kimi dəyərləndirmişdir. O, mətbuatın maliyyə problemlərinin həlli və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən layihələrin əhəmiyyətini də xüsusi vurğulamışdır.

Müşahidə Şurasının digər üzvü Bəxtiyar Sadıqov çıxışında Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş sayaraq, xüsusən də ayrı-ayrı rayonların icra hakimiyyətləri ilə təşkil olunan konfransların əhəmiyyətini diqqətə çəkmişdir.

Müşahidə Şurasının üzvü Zöhrə Əliyeva demişdir ki, Fond ötən 3 illik fəaliyyəti ilə cəmiyyətdə kifayət qədər tanınmış, son dərəcə lazımi qurum olduğunu sübuta yetirmişdir. O, Fondun həyata keçirdiyi layihələrin mətbuatın inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.

Müşahidə Şurasının üzvü Rəşad Məcid Fondun bu və digər tədbirlərlə yanaşı, ötən il ayrı-ayrı ali təhsil müəssisələrində tələbələrlə aparıcı qəzet rəhbərlərinin görüşlərini təşkil etməsini müsbət ənənə kimi dəyərləndirmişdir. Bildirmişdir ki, bu cür tədbirlər həm də istedadlı tələbələrin üzə çıxarılmasına, onların qəzetlərlə sıx əməkdaşlıq münasibətləri qurmasına xidmət edir.

Daha sonra Müşahidə Şurasının üzvləri səsvermə yolu ilə Fondun 2011-ci ildəki fəaliyyətini qənaətbəxş dəyərləndirmişlər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli 2012-ci ildə həyata keçiriləcək müsabiqə və tədbirlər barədə Müşa­hidə Şurası üzvlərinə məlumat vermişdir. Bildirmişdir ki, Fonda dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artaraq 3 milyon 870 min 608 manata yüksəlməsi bu il üçün nəzərdə tutulmuş tədbirlər proqramının ardıcıl və səmərəli şəkildə reallaşdırılmasına yaxşı imkanlar açır. Vüqar Səfərli həmçinin demişdir ki, Fond fəaliyyət istiqamətinə müvafiq olaraq, ilk növbədə, qəzet layihələrini maliyyələşdirəcək və jurnalistlər üçün fərdi jurnalist yazıları müsabiqələri təşkil edəcəkdir. Bundan başqa, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə regionlarda və Bakı şəhərində müxtəlif layihələr həyata keçiriləcəkdir.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2012-ci ilin "İdman ili" elan edilməsi ilə əlaqədar mətbuatın bu sahəyə diqqətinin artırılması üçün müxtəlif müsabiqə və tədbirlərin keçirilməsi də qərara alınmışdır. İl ərzində Fondun planlaşdırdığı mühüm layihələrdən biri də ölkə jurnalistlərinin beynəlxalq təcrübəni öyrənmələri üçün xarici ölkələrə səfərə göndərilməsi olacaqdır.

Fond ötən illərdə formalaşmış daha bir müsbət ənənəni davam etdirərək il ərzində ayrı-ayrı nazirliklər və icra qurumları ilə müxtəlif mövzularda fərdi jurnalist yazıları müsabiqələri təşkil etməyi planlaşdırır. Fondun icraçı direktoru Vüqar Səfərli bu il, həmçinin, ayrı-ayrı icra hakimiyyəti orqanları ilə mətbuat-cəmiyyət münasibətlərinin inkişafına xidmət edən tədbirlərin keçiriləcəyini də nəzərə çatdırmışdır. İndiyə qədər Fondla səmərəli əlaqələr yaratmış nazirlik və komitələrə, digər icra hakimiyyəti strukturlarına minnət­darlığını ifadə edən Vüqar Səfərli demişdir ki, bu əməkdaşlıq ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir.

Müşahidə Şurasının üzvləri müzakirələrdən sonra Fondun 2012-ci il üçün Tədbirlər Proqramını yekdilliklə təsdiq etmişlər.

Nəhayət, iclasın gündəliyində duran üçüncü məsələ geniş müzakirə olunmuş, Müşahidə Şurası üzvlərinin təklifi əsasında 2012-ci il üçün Fondun ekspertləri müəyyənləşdirilmişdir. İclasda cari məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

O.M.