Milyonlar qazanan Facebook hakerlərini tutan yoxdur

Milyonlar qazanan Facebook hakerlərini tutan yoxdur

19 Yanvar 2012 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
Facebook aciz vəziyyətdə qalıb

Sosial şəbəkələrin ən təhlükəli qənimləri Rusiyanın Peterburq şəhərində yaşayırlar. Onlar qeyri-qanuni yolla milyonlar qazandıqlarını gizlətmirlər. Heç onları cinayət məsuliyyətinə cəlb edən də yoxdur. Maraqlıdır ki, nə Facebook rəsmiləri, nə Amerika xüsusi xidmət orqanları, nə də Rusiya hüquq-mühafizə işçiləri onlarla maraqlanmır. Rusiya Daxili İşlər Nazirliyi İstintaq Komitəsinin Sankt-Peterburq Baş İdarəsinin rəsmisi Tatyana Mironova bu barədə deyib: "Şikayətçilər olduğu halda biz məsələni araşdıraraq lazımı tədbirlər görəcəyik." Qəribədir ki, kiber-cinayətkarların izinə sadə vətəndaşlar düşüblər. Məsələni araşdıran Danço Dançev adlı analitik 5 hakerdən ibarət "Əlibaba və 4" dəstəsini ifşa edib. Dəstənin başçısı Anton Korotçenko bundan narahat olmadığını bildirib, əksinə, qazandığı pullar barədə ağızdolusu danışıb: "2008-ci ildə "Koobface" virusunu hazırlayıb, Facebookda paylaşdıq. Yuzerlər belə bir yazı ilə qarşılaşırdılar: "Bax necə videodur". Yazıya daxil olduqda məlum olurdu ki, Flash-plaqin köhnəlib və onu yeniləmək lazımdır. Məhz bundan sonra bizim proqram təminatı xidmətinə ehtiyac duyulurdu."

Bu əməliyyat cinayətkarlara külli miqdarda pul qazandırırdı. Üç il ərzində "Əlibaba və 4" dəstəsi 2 milyon ABŞ dolları qazana bildi və bu gün də qazanmaqdadır. Prosesi dayandırmaq qeyri-mümkündür. Belə ki, haker hücumundan nə Facebook, nə də istifadəçilər zərər görür, sadəcə, kompüterin proqramı yenilənir. Facebook sosial şəbəkəsinin təhlükəsizlik üzrə aparıcı mütəxəssisi Jo Sallivan məsələyə aydınlıq gətirərkən deyib: "biz hakerlərin hücumuna əks hücumla cavab versək də, idarə mərkəzlərini sıradan çıxara bilmədik. Çıxarsaq da, bunun faydası olmayacaqdı. Əgər günahkarları hamı tanıyırsa və heç kim ölçü götürmürsə, deməli, başqa proqramistlər də analoji proqramlar hazırlaya bilərlər".

Təki bütün cinayətlər heç kimə zərər verməsin...

Murad Şahməmmədov
O.M.