Aİ-Azərbaycan Biznes Forumu keçirilib

Aİ-Azərbaycan Biznes Forumu keçirilib

5 İyun 2018 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 5-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə əməkdaşlığı çərçivəsində növbəti biznes forumu keçirilib.

Mediainfo.az saytının verdiyi xəbərə görə, forumda Avropa İttifaqının, paytaxtımızda fəaliyyət göstərən diplomatik korpusların, dövlət qurumlarının nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Bauman Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdən məmnunluqla bəhs edib və gələcəkdə əməkdaşlığın güclənəcəyinə ümidvar olduğunu bildirib.

İqtisadiyyat nazirinin müavini Rüfət Əhmədov da Azərbaycanla Avropa İttifaqı arasındakı səmərəli əməkdaşlığın qurulması və inkişafından danışıb. Ölkəmizin Avropa İttifaqının əsas enerji təchizatçılarından birinə çevrildiyini bildirən Rüfət Əhmədov, Avropa İttifaqının ölkəmizdə həyata keçirdiyi layihələrin, müxtəlif sahələrdə göstərilən dəstəyin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının bariz nümunəsi olduğunu bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və Avropa Komissiyasının Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit qarşılıqlı əməkdaşlığın faydalarından, bu əlaqələrin iqtisadiyyatın və ticarətin inkişafına təsirindən danışıb, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin atdığı addımların təqdirlə qarşılandığını diqqətə çatdırıblar.

Sonra Avropa İttifaqı Biznes Mühiti Hesabatı Azərbaycan-2018-in təqdimatı olub. Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən Avropa İttifaqının 16 sahəni əhatə edən biznes subyektlərinin rəyləri əsasında hazırlanan hesabatda gömrük prosedurlarının asanlaşdırılması, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və elektron xidmətlərin tətbiqi sahəsində Azərbaycan gömrüyünün əldə etdiyi uğurlar xüsusi vurğulanıb. Hesabatda gömrük sahəsində ciddi irəliləyişin əldə edilməsi, mütərəqqi islahatların həyata keçirilməsi də qeyd edilib və islahatların davamlılığının təmin edilməsinin vacibliyinə diqqət çəkilib.

Daha sonra vergilər naziri Mikayıl Cabbarov və Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təqdimatla bağlı fikirlərini forum iştirakçıları ilə bölüşüblər.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdən məmnunluqla bəhs edib və tərəflər arasındakı ticarət dövriyyəsinin artdığını bildirib.

Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu əsas tələblərin şəffaflığın artırılması və islahatların davam etdirilməsi olduğunu diqqətə çatdırıb və hazırda gömrük orqanları tərəfindən 14 elektron xidmət təklif olunduğunu və bu xidmətlər hesabına milyonlarla gömrük əməliyyatlarının həyata keçirildiyini vurğulayıb. Məlumat verilib ki, sahibkarlıq mühitinin və ticarətin yaxşılaşdırılması məqsədilə gömrük-tarif sisteminin təkmilləşdirilməsi zamanı müxtəlif dərəcəli yüksək tarif rüsumları təkmilləşdirilərək 2600 adda mal mövqeyi "0" faiz dərəcəsinə, 975 mal mövqeyi üzrə "10" və "15" faiz dərəcələri isə "5" faiz dərəcəsinə endirilib.

Gömrük tariflərinin və gömrük qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində sahibkarlardan gələn sorğular əsasında formalaşdırılan və həyata keçirilən layihələrin bu il də davam etdiriləcəyini bildirən Komitə sədri, hər bir xarici iqtisadi fəaliyyət iştirakçısına 4 başlıq altında sorğu göndəriləcəyini, biznes nümayəndələrinin islahatlar, qanunvericilik, şəffaflıq və elektron xidmət sahəsində təklif və rəylərinin öyrənilərək tətbiq ediləcəyini bildirib.

Komitə sədri həmçinin maliyyə nəzarəti sahəsində vahid uçotun aparılması və şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi və qaçaqmalçılıq hallarına qarşı mübarizə məqsədilə digər dövlət qurumları ilə aparılan səmərəli əməkdaşlıqdan söz açıb.

Daha sonra forum öz işini müxtəlif mövzularda təqdimat və müzakirələrlə davam etdirib.