Türkiyə rəsmiləri Beko məhsullarının Xankəndidə satılmasına münasibət bildirdilər

Türkiyə rəsmiləri Beko məhsullarının Xankəndidə satılmasına münasibət bildirdilər

29 Noyabr 2011 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl Türkiyə Respublikasına məxsus BEKO məişət avadanlıqları şirkətinin işğal olunmuş Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndində nümayəndəliyinin açılmasına dair "Yeni Müsavat" qəzeti jurnalist təhqiqatı aparmışdı. Təhqiqatın nəticələrinə görə, BEKO ticarət markasının Ermənistanda rəsmi saytı olan Beko.am portalına əsasən, şirkəti düşmən ölkədə ED-SPO MMC təmsil edir. Adıçəkilən MMC-nin Ermənistanda 12 mağaza şəbəkəsi var, işğal olunmuş ərazidə isə BEKO-nu "Sonet" MMC adlı şirkət təmsil edir. Qeyd edək ki, adıçəkilən şirkətin nümayəndəsi Xankəndi nümayəndəliyinin 2009-cu ildən fəaliyyət göstərdiyini bildirib.

Qeyd edək ki, BEKO Türkiyənin tanınmış "Koç Holdinq"nə aiddir. "Koç"un türk cümhuriyyətləri üzrə ixracat müdiri Oral Bozqurd bildirib ki, "işğal altında olan qardaş Azərbaycan torpaqlarında bizim ticarətimizdən qətiyyən söhbət gedə bilməz"(APA). O.Bozqurd deyib: "Orada BEKO markası adı ilə açılan mağaza yoxdur. Bu xəbərlər haradan çıxır? Bütün qlobal markalarla bağlı belə hallar olur. Bölgəyə bizim mallarımız İrandan, Rusiyadan, Gürcüstandan gedə bilər. Bir adam bizim malımızı oradakı hansısa mağazada görür, sonra mağazanın telefon nömrəsini yazıb internetə qoyur. Bəlkə də o mağazanın əsas işi bijuteriya satmaqdır, bizim də bir neçə məhsulumuz haradansa gedib ora çıxıb. Bu işlərin bizimlə heç bir əlaqəsi yoxdur. Mən bölgədəki siyasi vəziyyəti bilirəm. Biz qətiyyən Qarabağa mal göndərmərik və orada mağaza açmaq ağlımıza da gəlməz. Biz bir yerdə mağaza açanda və ya hansı bir bölgəyə təmsilçilik verəndə bunu hamı bilir. Biz Azərbaycanda birinci yerdəyik. Qarabağ bölgəsinə nə mal göndərmişik, nə də orda hər hansı fəaliyyətimizdən və satışımızdan söhbət gedə bilər".
Cənab Bozqurda xatırladaq ki, BEKO-nun Ermənistanda (beko.am portalı) rəsmən fəaliyyət göstərən nümayəndəliyi və 12 mağazadan ibarət olan mağazaları var.
Xatırladaq ki, "Koç Holding" Azərbaycana ən çox sərmayə yatıran Türkiyə şirkəti sayılır.
"Türkiyənin hər hansı məhsullarının digər ölkələrdə satışına fikir vermək lazım deyil, bu məsələdə Türkiyənin rəsmi mövqeyinə diqqət yetirmək lazımdır". Bu sözləri isə BEKO-nun Xankəndində filial açması barədə xəbərlərə münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib. Səfir qeyd edib ki, bu məsələdə rəsmi Ankaranın mövqeyi daha vacibdir: "Türkiyə 18 ildir Ermənistanla sərhədləri bağlı saxlayıb. Azərbaycanın da bəzi məhsulları, məsələn, çayı digər ölkələrdə satıla bilər. Əsas olan Azərbaycanın rəsmi mövqeyidir və belə məqamlar iki qardaş ölkə arasındakı münasibətlərə təsir edə bilməz".

O.M.