ƏƏSMN-də Dünya Bankinın missiyası ilə görüş olub

ƏƏSMN-də Dünya Bankinın missiyası ilə görüş olub

12 Mart 2018 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının Azərbaycanda iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə missiyası ilə görüş olub.

Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, görüşdə missiyanın üzvləri- baş iqtisadçılar Muhammed İhsan Ayvad, Maykl Ueber, proqram rəhbəri Lire Ersado və xanım Elvira Anadolu iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ötən dövrdə respublikamızda əldə olunan nailiyyətləri diqqətə çatdırıb: "Dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü islahatlar postneft dövrünə xas səmərəli iqtisadi idarəetmə sisteminin formalaşmasına, milli iqtisadiyyatın neftdən asılı olmadan inkişafına imkan verib. Cari ildə də bu inkişaf tempi davam edir, 2018-ci ilin ilk ayında, yəni yanvar ayında Azərbaycanda ümumi daxili məhsulun 2 faiz, o cümlədən qeyri-neft iqtisadiyyatının 4 faizədək artmasına nail olunub. Müsbət demoqrafik vəziyyətin mövcud olduğu, əhalinin sayının təkcə ötən il 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i vəziyyətinə 9898085 nəfərə çatdığı, eyni zamanda hər il əmək bazarına 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu ölkədə əmək resurslarının məşğulluğunun təminatı da reallaşdırılan islahatlar paketinin mühüm tərkib hissəsidir".

Nazir bildirib ki, bu məqsədlə işçi qüvvəsinin yüksək təklifi şəratində iş yerlərinin yaradılması, məşğulluq imkanlarının artırılması daimi xarakter alıb. 2003-2017-ci illərdə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artmasına, işsizlik səviyyəsinin azaldılmasına nail olunub: "Hərtərəfli dövlət dəstəyi və güzəştlər sisteminin tətbiqi şəraitində əmək bazarının inkişafının stimullaşdırılmasında xüsusi önəm kəsb edən sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması təmin edilib. Eyni zamanda, əhalinin 47,1 faizini təşkil edən kənd sakinlərinin məşğulluq imkanlarının artırılması üçün kənd təsərrüfatının inkişafı tədbirləri ildən-ilə geniş vüsət alır. Son bir ildə 4,1 faiz artımın təmin edildiyi kənd təsərrüfatında ənənəvi istehsal sahələrinin əhəmiyyətli şəkildə inkişaf etdirilməsi kənd rayonlarında məşğulluq səviyyəsinin artırılmasına, ümumən əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanmasına əlverişli şərait yaradıb".

Əmək bazarı ilə daha çevik dövlət tənzimlənməsi mexanizminin formalaşdırılması sahəsində aparılan işlərdən bəhs edən S.Müslümov əmək bazarının inkişaf proseslərinin konseptual olaraq düzgün proqnozlaşdırılması və qiymətləndirilməsi sisteminin qurulmasının da fəaliyyət istiqamətlərindən olduğunu qeyd edib. Nazir həmçinin ölkəmizin məşğulluq modelinin bir komponenti kimi aztəminatlı ailələrə özünüməşğulluq və kiçik biznesə çıxış imkanlarının yaradılması yönündə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

S.Müslümov inklüziv əmək bazarının yaradılmasının, xüsusilə sosial cəhətdən həssas qrupların əmək bazarının iştirakçılarına çevrilmələri üçün onların məşğulluq və özünüməşğulluq imkanlarına malik olmalarının da ölkədə icra olunan məşğulluq siyasətinin əsas hədəflərindən olduğunu vurğulayıb.

Missiya üzvləri Azərbaycanda əmək bazarı ilə bağlı aparılan islahatları, bu sahədə dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, habelə aktiv əmək bazarı proqramlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı yönündə aparılan işlərin Dünya Bankı tərəfindən rəğbətlə qarşılanaraq dəstəkləndiyini vurğulayıblar.

Görüşdə iş yerləri ilə bağlı tədqiqat və strategiya üzrə analitik fəaliyyətin davam etdirilməsi, keyfiyyətli və inklüziv iş yerlərinin yaradılması, həmçinin iş yerləri ilə bağlı strategiyanın hazırlanması, bu sahələrdə əməkdaşlıq məsələləri, eləcə də əvvəlki görüşlərdə müzakirə olunan məsələlərin icra vəziyyəti müzakirə olunub.