
"Azerfon" təyyarədə də işləyəcək
"Azerfon" şirkətinin mətbuat xidmətinin rəhbəri Elşad Fərzəliyev məlumat verir ki, gələn ilin aprel ayından etibarən "Azerfon" şirkətinin abunəçiləri mobil rabitə xidmətlərindən təyyarədə uçuş zamanı da istifadə edə biləcəklər. Onun sözlərinə görə, bu, "Azerfon"un Azərbaycan Hava Yolları (AZAL) konserni ilə əməkdaşlığı sayəsində mümkün olacaq: "Adətən hava yollarında təyyarədə mobil rabitə xidmətləri qadağan olunur, amma bizim yeni texnologiyanın tətbiqi nəticəsində aprel ayından etibarən bütün hava yolları təyyarələrində bizim abunəçilər uçuş zamanı mobil rabitə xidmətlərindən istifadə edə biləcəklər". Abunəçilər təyyarədə həm telefonla danışa, həm SMS göndərib-qəbul edə, həm də internetdən istifadə edə biləcəklər. Bu xidmətlərdən təyyarənin enmə və qalxma vaxtı istisna olmaqla, qalan bütün uçuş vaxtı istifadə etmək mümkün olacaq: "Normal uçuş şəraitində AZAL-la uçan abunəçilərimiz bu xidmətlərdən istifadə edəcəklər". E.Fərzəliyevin sözlərinə görə, bu xidmətin tətbiqi MDB və ümumiyyətlə, dünya mobil rabitə xidmətlərində yenilikdir: "Bir neçə il əvvəl Rusiya şirkətlərindən biri bunu etmək istəmişdi, amma baş tutmadı. Azərbaycanda isə tamamilə yeni texnologiya sayəsində bunu etmək mümkün olacaq".
"Azerfon" abunəçiləri sevincdən uçacaqlar...
Sərvər Aslanov
O.M.