Obyektini icarəyə verən şəxs 14% vergi ödəməlidir

Obyektini icarəyə verən şəxs 14% vergi ödəməlidir

11 Noyabr 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)
Etibarnamə etibardan düşdü

Vergilər Nazirliyinin məlumatına görə, Azərbaycan Vergilər Nazirliyi ticarət və xidmət obyektlərinin icarəyə verilməsi zamanı vergidən yayınma hallarına qarşı ciddi tədbirlərə başlayıb. Belə ki, son illər ticarət və xidmət obyektlərinin və digər növ əmlakın icarəyə verilməsi halları geniş yayılıb. Bu sahənin vergiyə cəlb edilməsi vəziyyətini araşdıranda isə məlum olub ki, əksər hallarda vergi ödəyiciləri təsərrüfat subyektini faktiki olaraq icarəyə verdikləri halda, bu münasibət (yəni obyektin istifadə hüququ) etibarnamə ilə rəsmiləşdirilir. Başqa sözlə, obyektin sahibi icarəçi ilə müqavilə bağlamaq əvəzinə icarəçiyə etibarnamə verir. Bu isə obyekt sahibinin vergidən yayınmasına səbəb olur. "Mövcud vəziyyətin təhlili göstərir ki, Bakı şəhər Vergilər Departamentində qeydiyyatda olan 62 459 təsərrüfat subyektinin 13 409-u istifadə etdiyi obyekti etibarnamə ilə icarəyə götürmüş şəxslərdir", - deyə məlumatda bildirilir.

Bu vəziyyətin aradan qaldırılması üçün vergilər nazirinin əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş"ə dəyişiklik edilib. Həmin dəyişikliklərlə təsərrüfat subyektlərinin icarə münasibətləri ilə bağlı məsələlər tənzimlənir.
Vergilər Nazirliyində sahibkarlara və obyekt sahiblərinə xatırladırlar ki, sahibkarlıq məqsədi üçün istifadəyə verilən obyektlərin etibarnamə ilə verilməsi Mülki Məcəllənin tələblərinə də ziddir. Belə ki, məcəllənin 362.1, 152.8 və 359.1-ci maddələrinə əsasən, etibarnamə yalnız etibar edənin üçüncü şəxslər qarşısında təmsil olunması, onun hüquq və mənafelərinin həyata keçirilməsi üçün verilir. Məcəlləyə əsasən, etibar edilən şəxs (yəni, obyektdən istifadə edən) vergi ödəyicisi kimi qeydiyyata duraraq etibarnamə əsasında verilmiş əmlakdan öz mənafeyi naminə istifadə edə bilməz.
Başqa sözlə, qanuna görə, əmlakdan sahibkarlıq məqsədilə istifadə olunursa icarə müqaviləsi bağlanmalı, icarəçi icarə haqqı ödəməli, əmlakın sahibi isə bu gəlirdən vergi ödəməlidir: "Vergi ödəyiciləri müqavilədə icarə haqqını müəyyənləşdirməklə təsərrüfat obyektini vergi orqanında uçota qoymalıdır. Əmlakın icarəyə verilməsindən gələn gəlirlər üzrə verginin dərəcəsi isə 14%-dir".
Nazirliyin açıqlamasından məlum olur ki, əmlak sahibləri və sahibkarların icarə haqqını süni surətdə azaltmasına da imkan verilməyəcək. Bildirilir ki, "icarə haqqının məbləği vergi orqanlarında aşkar şübhə doğurarsa", bu məbləğlər eyni ərazidə yerləşən eyni xüsusiyyətlərə malik digər obyektlərin icarə haqları ilə tutuşdurula bilər. "Əgər belə bir analoji obyekt mövcud deyilsə, Nazirlər Kabinetinin "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"nin təsdiq edilməsi haqqında" qərarı əsas götürülə bilər", - deyə məlumatda qeyd olunub.

Etibarnamə etibardan düşdü...

Sərvər Aslanov

O.M.