Bir gündə Bakı Metropolitenindən 600 min sərnişin istifadə edir

Bir gündə Bakı Metropolitenindən 600 min sərnişin istifadə edir

8 Noyabr 2011 16:04
Bəyəndim (0) Bəyənmədim (0)
Metroda maraqlı yeniliklər gözlənilir

İş günlərində Bakı Metropolitenindən təxminən 600 min sərnişin istifadə edir. Bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə açıqlamasında deyib:
"Hazırda iş günləri ərzində imtiyazlı sərnişinlər də daxil olmaqla metrodan 600 minə yaxın sərnişin yararlanır ki, bu da Bakı əhalisinin 35-37 faizi deməkdir. Ümidvaram ki, gələcəkdə bu say artacaq", - deyə T.Əhmədov bildirib.
Qeyd edək ki, bu ilin sentyabr ayı ərzində Bakı Metropolitenindən 15,2 milyon və ya avqust ayına nisbətən 25,6% çox sərnişin yararlanıb. Cari ilin yanvar-sentyabr aylarında isə metrodan 132,4 milyon nəfər istifadə edib ki, bu da ötən ilin analoji dövrünə nisbətən 0,3% çoxdur.
Xatırladaq ki, 2011-ci ilin ötən dövrü ərzində Bakı metropolitenində sərnişin daşımasının həcmində ilk dəfədir ki, artım qeydə alınır.

T.Əhmədovun sözlərinə görə, hazırda metronun "Məşədi Əzizbəyov" stansiyası yenidən qurulur: "Ümumiyyətlə, metropolitendə tikinti və yenidənqurma işləri dayanmadan davam etdirilir. Vəsaitdən asılı olaraq gələcəkdə "28 May" stansiyasında eskalator zolaqlarının sayı 4-ə çatdırılacaq ki, hazırda bu istiqamətdə Almaniyanın "Tisson" şirkəti ilə danışıqlar aparılır. Ümumiyyətlə gələcəkdə ola bilsin ki, "28 may", "Sahil" və digər stansiyalarda yenidənqurma işləri aparılsın".
T. Əhmədov onu da bildirib ki, 2006-cı ildən Bakı Metropoliteninə yatırılan investisiya hesabına "Nəsimi" (2008-ci ildə), "Azadlıq prospekti" (2009-cu ildə), "Dərnəgül" (2011-ci ildə) yeni stansiyaları istifadəyə verilib, eyni zamanda 2009-cu ildə "28 May" və "Cəfər Cabbarlı" stansiyalarının ikinci çıxışı açılıb və "İçərişəhər" stansiyasının yenidən qurulması həyata keçirilib. "Məşədi Əzizbəyov" stansiyasının da görkəmi dəyişəcək. Belə ki, stansiyanın vestibülü piramida şəklində olacaq. Bununla yanaşı, stansiyada 6 giriş-çıxış olacaq. Yenidənqurma işləri 2012-ci ilin yanvarın 1-dək başa çatdırılacaq".
Qeyd edək ki, "Məşədi Əzizbəyov" stansiyasında aparılacaq yenidənqurma işləri nəticəsində keçidin yeri dəyişdiriləcək, daxili interyer yenilənəcək, tavan 6,45 metr hündürlüyündə olacaq, həmçinin yeni giriş və çıxışlar açılacaq.
Metropolitendə təhlükəsizliyin təmin olunmasına gəldikdə isə T. Əhmədov qeyd edib ki, metropolitendə təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirilir. Belə ki, hazırda Bakı Metropolitenində üst tanınma, sayma və videomüşahidə kameraları quraşdırılıb: "Görülən işlər məni tam qane edir – o baxımdan ki, dünya metropolitenindən fərqli bizim 3 minədək videomüşahidə kameramız mövcuddur. Üst tanınma kamerası isə MDB məkanında yalnız Bakı Metropolitenindədir".

Qeyd edək ki, 44 il bundan öncə, yəni 1967-ci ilin noyabrın 6-da Bakı Metropolitenində ilk qatar yola salınıb.

Yeraltı şəhərin "meri" yerüstü sakinləri sevindirdi...

Hafiz Əhmədov

O.M.