ARDNŞ BƏƏ-də inşa etdiyi neft terminalı bu ilin sonunda istifadəyə veriləcək

ARDNŞ BƏƏ-də inşa etdiyi neft terminalı bu ilin sonunda istifadəyə veriləcək

5 Noyabr 2011 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

ARDNŞ-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bildirir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fuceyra limanında inşa etdiyi neft məhsulları terminalının ("SOCAR AURORA Fujairah Terminal") tikintisi başa çatmaq üzrədir. Onun sözlərinə görə, terminalın bu ilin sonunadək istifadəyə verilməsi gözlənilir. Xatırladaq ki, 2010-cu ilin mayında ARDNŞ və İsveçrənin "Aurora Progress" Ticarət Evi neft anbarlarının inkişafı və BƏƏ-nin Fuceyra limanında neft məhsulları üçün yeni terminalın tikilməsi sahəsində razılığa gəliblər. Layihədə ARDNŞ-ı İsveçrə şirkəti ilə "SOCAR Aurora" birgə müəssisə yaradan "Socar Trading S.A." törəmə şirkəti təmsil edir.

"Socar Aurora Fujairah Terminal" ümumi həcmi 641 min kubmetr olan 20 çəndən ibarət olacaq. Terminal müasir avadanlıqla təchiz ediləcək və neft yanacağı, qazolin, kerosin və digər distillələrin (dizel, qazoyl, reaktiv kerosin və s.) qəbuluna hesablanıb.
Yeni terminal bu regionda Azərbaycan mənşəli neft məhsullarının saxlanılması üçün istifadə ediləcək. "SOCAR Aurora" terminalın üçüncü şəxslərə neft məhsullarının saxlanılması həcmlərini təklif edəcək müstəqil operator qismində çıxış edəcək.

O.M.