Sərxoş Fazil Məmmədovun cavabı və əxlaqı şikəstlər - Video

Sərxoş Fazil Məmmədovun cavabı və əxlaqı şikəstlər - Video

21 Dekabr 2017 11:52
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş vergilər naziri Fazil Məmmədovun keçmiş işçisi ilə arasındakı telefon danışığı yayılıb. Saytlar bunu "Sərxoş nazir Fazil Məmmədov..." başlığı ilə tirajlayıblar.

Dinlədim mən də - zatən, adam 18 ilə yaxın nazirimiz olub, hər necə olsa, onun içkili halı maraq kəsb etməyə bilməz.

Necə başlayır "sərxoş nazirlə" dialoq? Adı açıqlanmayan və özünü Vergilər Nazirliyinin keçmiş işçisi kimi təqdim edən şəxs plan qurur, hətta zəng edərkən kameranı işə salır və tam "silah-sursatla" keçmiş nazirini şantaj etməyə girişir.

Gözləmədiyi halda Fazil Məmmədov telefona cavab verir. Hiss olunur ki, məntiqli danışsa da, səlis danışmır. Bunu içkili kimi təqdim edirlər. Bəlkə, antidepressant həb qəbul edib? Axı, Fazil Məmmədovun işdən çıxma səbəblərindən əsası kimi xəstə olduğu, günlərlə işə çıxa bilməməsi göstərilir. Bəlkə, ağrıkəsicilər bədənini bütün keyidib? Ya işdən çıxmasının depressiyasını yaşayır?

Bəlkələri buraxaq başına, deyək ki, adam içkilidir, hətta dili söz tutmayacaq qədər sərxoşdur. Adam nə deyir ki?! Hansı sözü şantaha əsas verir?

Bunca əxlaqsızlıq olarmı?

Allaha, Qurana and iç ki, bəs Fazil müəllim, mən sizi çox istəyirəm, sizdən sonra Vergilərə ayaq basmaram-zad, sonra da adamın səsin yay?

Bunca xəyanət olarmı?

Adamın 53 yaşı var, 18 il nazir olub, işdən çıxarılıb, evində xatirələriylə başa-başa qalmağı, içməyi normal deyilmi? Sərxoşsa, hansısa tədbirdə normal davranmayıbsa, iş başında alkaşlıq etmirsə, nə qəbahət var?

Özü də adam içkili olsa da, onun yerinə təyin edilmiş Mikayıl Cabbarovu müdafiə edir, ona "dövlət xadimi" deyə müraciət edir. Dövlətin, millətin əleyhinə bir kəlmə belə danışmır, üstəlik, telefonun o başındakına uğur diləyir. İşinə davam etməsini, minnətçi olmamağını tapşırır.

"Arxanızda durmuşam" deyənə də, "mənim arxamda olmağa heç bir ehtiyac yoxdur, gedin, dövlətin arxasında durun" deyir "sərxoş" Fazil Məmmədov.

"Sizin çörəyinizi yemişəm" sözünü israrla, telefonun bu başından dönə-dönə Fazil Məmmədovun qulağına qışqıran, Allahı ortaya gətirib, kəlməbaşı Qurana and içən "dinə-imana bağlı" adıbilinməz şəxsə "alkaş" Fazil Məmmədovun cavabı da heyrət doğurur: "Verən Allahdı... Lazım deyil belə danışmaq".

"Çörəyi verən Allahdı!" Sərxoş, alkaş fazil Məmmədov deyir...

Adam şərlənməsi və şantaj olunması üçün heç bir əsas verməyib, əksinə, o səs yazısını yazanın nə qədər miskin olduğunu dönə-dönə nümayiş etdirib.

Açıqcası: mən Fazil Məmmədova heç zaman hörmət etməmişəm, heç onu ölkəmin nüfuzlu məmuru da saymamışam. Ancaq bu şantaj yazısından sonra ona simpatiyam yarandı.

Bu, əlbəttə, ayrı söhbətin mövzusudur. Toxunmaq istədiyim məqam başqadır.

Adamla ədavətin varsa və ədalətsizliyini görmüsənsə, çıxart faktları, tök ortaya. Yoxsa bu qədər ucuzca şantaj cəhdi ilə özünü rüsvay etmək nəyə lazımdır?

Biz niyə belə olduq? Yoxsa elə əvvəldən belə idik?

Cəmiyyətdə gözdən əlillər var, fiziki qüsurlular var – hamısı göz qabağındadır, baxan kimi görünür, bilinir. Nə təəssüf ki, vicdandan əlillər, əxlaqı qüsurlular bilinmir və ya görsək də, əhəmiyyət vermirik.

Ancaq məncə, əxlaqı qüsurlu adamlara bərpa mərkəzi yaradılmalıdır, fiziki, psixi qüsurlulara deyil. Psixi qüsurlu söyər-döyər, ya xətər yetirər, bundan cəmiyyətə ziyan gəlməz, əksinə, baxanlar ibrət götürər ki, dəli olmaq yaxşı şey deyil. Bu vicdandan əlil, əxlaqdan şikəst adamlar isə cəmiyyəti vicdansız və əxlaqsız edə, insanların içindəki şəri oyada bilərlər.

Yazıqdır belələri, bədbəxtdir, fiziki qüsurlulardan fərqli olaraq, bir ömür əxlaqı qüsurlu yaşadıqlarını, əslində, şikəst olduqlarını qanmaz, bilməzlər. Bu şikəstlərə kömək lazımdır – belə əxlaqsızlıq edəndə onlara demək gərəkdir: gedə, əxlaqsızlıqdır bu, bu şikəstliklə özünü bədbəxt edirsən...

Utandırmaq lazımdır, vicdanını silkələmək lazımdır. Onlar başa düşməlidirlər ki, bəlkə də üzünə "əla etmisən" deyənlər onun nə qədər əxlaqsız olduğunu görüb, kənar gəzir ondan, bu şər dağarcığından uzaq olmaq istəyir, onları cəmiyyətin tullantısı, orqanizmin anus dəliyi sayırlar.

Onlara kömək edin, bu bədbəxtlərin əlindən tutub, şikəstliklərini müalicə edin – cəmiyyəti belələrindən qoruyun. Axar.az