“Azərsun”un keçmiş vitse-prezidentinin 17 milyonluq biznesi batır

“Azərsun”un keçmiş vitse-prezidentinin 17 milyonluq biznesi batır

20 Dekabr 2017 23:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsun Holding"in rəhbərinin keçmiş müavini, uzun illər ərzində Azərbaycanda bizneslə məşğul olan və aparıcı şirkətlərdə icraçı direktorluq edən Erdem Yunus Arifoğluun Türkiyədə qurduğu biznes batır. Mediainfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbayandakı bütün yatırımlarını çıxarıb biznesini Türkiyədə qurmağı qərara alan Arifoğlu uğursuzluqla üzləşib. Bu barədə biznesmen özü Türkiyə mətbuatına danışıb.

Erdem Yunus Arifoğlu belə görünür ki, Azərbaycanda iki il əvvəl başlamış iqtisadi geriləmədən təşvişə düşüb və biznesini ölkədən çıxararaq Türkiyəyə yatırım qoymağı qərara alıb. Bu məqsədlə o, Aydın vilayətinin Giremencik bölgəsində istixana kompleksi qurub. 2017-ci ilin əvvəllərində Arifoğlu "Milliyet" qəzetinə demişdi ki, Türkiyə hökumətinin xarici investorlar üçün yaratdığı əlverişli şərtlərdən istifadə edərək Giremencikdə 15 milyon TL investisiya hesabına 44 min kvadratmetrlik sahədə torpaqsız istixana kompleksi qurub. Həmin kompleksdə 50 nəfərdən çox adamı işlə təmin edib və ildə 120 ton pomidor istehsal edir. O vaxt Arifoğlu biznesindən məmnun görünürdü.

Arifoğlu bu ilin fevralında "Milliyet"in əməkdaşı ilə söhbətində deyirdi: "İstehsal etdiyimiz pomidorun 40 faizini ixrac edirik. Azərbaycana da ixrac etdik. Türkiyə hökumətinin iqtisadiyyat sahəsində yaxşı siyasət yürütdüyünü gördüksə bundan sonra bütün yatırımlarımı Türkiyəyə qoymağa qərar verdim. Hələ ev-eşiyimiz Azərbaycanda olsa da özüm iki ildir Türkiyədəyəm. Digər ailə üzvlərimiz də dönəcəklər. Malımızı, mülkümüzü, inşaat layihələrimizi satıb pula çevirən kimi onları da hökumətimizin aldığı müsbət qərarla bura gətirəcəyik".

Lakin indi o, deyir ki, cəmi 17 milyon TL hesabına başa gələn istixana kompleksi batır, ildə 3 milyon TL zərər edir və bu səbəbdən Türkiyədəki sərmayələrini tamamilə çıxarmağa hazırlaşır. Azərbaycan vətəndaşlığı daşıyan Arifoğlunun sözlərinə görə, onun biznesinin çökməsinə səbəb blgədə geotermal stansiyası olan "Güriş Grupu"nun istixana kompleksini isti su ilə təchiz etməkdən imtina etməsidir. "Deyirlər ki, sizə isti su versək Girmencik ovalığı istixanalarla dolacaq. Biz də yetişdirə bilmərik. Onlara elektrikmi verəcəyik, sumu verəcəyik?"-Arifoğlu şikayətlənir.

Biznesmen deyir ki, isti su təchizatının olmamasına görə onun istixana kompleksi ildə 3 milyon TL ziyanla işləyir. "Azərbaycandakı bütün yatırımlarımı Türkiyəyə daşıdım. 2015-ci ildən bu yana 17 milyonluq yatırım qoydum. Biz daha yolun əvvəlindəyik. Yatırımlarımız davam edəcək. Ölkəmizə qazandırmaq istəyirik. Kompleksi istiliklə təchiz etmək üçün ildə 2 min ton yuyulmuş kömür yandırırıq. Bu da ətraf mühitə zərər vurur. Məhsulun maya dəyəri artır. Geotermal stansiya ilə bizim kompleksin arasında cəmi 140 metr məsafə var. Oradan istixanaya isti su versələr bizim ehtiyacımız təmin olunacaq, üstəlik su dövrə vurub yenidən onların sisteminə qayıdacaq. Amma bizə isti su vermək istəmirlər"-iş adamı şikayətlənir.

Arifoğlu bildirir ki, onun bölgədə cəmi 600 hektarlıq istixana qurmaq planları var, amma isi su verilməsə bu yatırımları qoya bilməyəcək. O, şikayətlərini prezident Ərdoğana da çatdırmaq istəyir. Deyir ki, Ərdoğan hakimiyyətə gələndə onu Azərbaycana ilk səfərində qarşılayanlardan biri olub.

"O vaxt hörmətli Heydər Əliyevlə görüşməyə gələndə mən Azərbaycan hakimiyyətinə ən yaxın adamlardan biri idim. O vaxt Ərdoğanla görüşdük, bizi Türkiyəyə yatırım qoymağa dəvət etdi. Mən 2002-2003-cü illərdən bəhs edirəm. Ondan sonra da prezidentimizlə görüşlərimiz davam etdi. İndi də səsimizi eşitməyini istəyirik"-Arifoğlu deyir.

Erdem Yunus Arifoğlu 90-cı illərin ortalarından Azərbaycanda bizneslə məşğul olub. Özünün dediyi kimi oğlanları Azərbaycanda tikinti biznesi ilə məşğuldur. Özü isə 2015-ci ilədək "Azərsun Holding"in rəhbərliyində yer alıb. Holdinqin Bakıdakı marqarin zavodunu yenidən qurub. Holdinqin böyüməsində onun böyük rolu olduğu məlumdur.