Pensiyalar nə qədər artacaq? – Ekspert

Pensiyalar nə qədər artacaq? – Ekspert

5 Dekabr 2017 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ay pensiya məbləğlərinin indeksasiya ediləcəyini açıqlayıb.

Bəs bütövlükdə pensiyaların yeni indeksasiya mexanizmi necədir və gələn ay pensiya məbləği neçə faiz artacaq?

Mediainfo.az-ın xəbərinə görə,mövzu ilə bağlı iqtisadçı alim Vüqar BayramovAxar.az-a açıqlamasında yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişikliyin olduğunu bildirib. Ekspert vurğulayıb ki, birinci dəyişikliyə əsasən, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya səviyyəsinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək:

"İkincisi, pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq "keçmiş baza hissə" deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdu. Yeni qanunvericilikdə isə bu anlayışdan artıq istifadə edilmir. Gələn ildən məbləğindən asılı olmayaraq, bütün pensiya məbləğinə indeksasiya tətbiq ediləcək. Pensiya məbləğində artımlara gəldikdə isə, bu ilin 9 ayında orta aylıq əmək haqqı 7,2 faiz artıb. Doğrudur, 2017-ci ildə orta aylıq əmək haqqı məbləğində 6,2 faiz artım proqnozlaşdırılır. Bununla belə, növbəti ayda faktiki göstərici ciddi dəyişməzsə, o zaman gələn aydan pensiya məbləğlərində təxminən 7 faiz artım qeydə alınacaq. Orta pensiya məbləğinin 208 manat olduğunu nəzərə alsaq, bu halda orta pensiya 15 manata yaxın artacaq".

İqtisadçı bildirib ki, baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək yanvar ayında alacağı pensiyanın yeni məbləğini hesablaya bilər:

"Gələn ay indeksasiyanın birrəqəmli olduğunu nəzərə alsaq, 2018-ci ildə pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır".