“Bank VTB (Azərbaycan)” filialları niyə bağlandı? - SƏBƏB

“Bank VTB (Azərbaycan)” filialları niyə bağlandı? - SƏBƏB

17 Fevral 2017 13:19
304

2016-cı ilin sonunda "Bank VTB (Azərbaycan)"ın səhmdarları olan VTB (ASC) və "AtaHolding" ASC tərəfindən bankın 2017-2019-cu illər üzrə yeni inkişaf strategiyası qəbul edilib.

Bankdan KİV-ə verilən məlumata görə, korporativ bizneslə işin gücləndirilməsini nəzərdə tutan yeni üçillik inkişaf strategiyasına uyğun olaraq, "Bank VTB (Azərbaycan)" filial şəbəkəsini konsolidasiya edir. "Belə ki, müştəri xidmətləri bölmələrinin fəaliyyətinin optimallaşdırılması və gücləndirilməsi məqsədi ilə bir-birinə yaxın yerləşən filiallar birləşdirilib. Buna misal kimi, "Əhmədli" və "Həzi Aslanov" filiallarının "Neftçilər" filialına birləşdirilməsini göstərmək olar. Bank VTB (Azərbaycan) əvvəllər bankın əhatə etmədiyi və paytaxt əhalisinin daha sıx cəmləşdiyi yerlərdə bank xidmətlərini bərabər paylaşdırmaq məqsədi ilə yeni filialların açılmasına qərar verib. 2016-cı ildə bankın eyniadlı metro stansiyaları yaxınlığında "Gənclik" və "Elmlər" adlı iki yeni filialı açılıb", - deyə məlumatda vurğulanıb.

Filiallar şəbəkəsinin optimallaşdırılması bankın yeni korporativ strategiyasının tərkib hissəsidir və "Bank VTB (Azərbaycan)"ın müştəriləri qarşısında olan öhdəliklərinin icrasının keyfiyyətinə və xidmətlərin səviyyəsinə yalnız müsbət təsir göstərəcək. Hazırda baş ofis yanında Müştəri Xidmətləri İdarəsi, "Əcəmi", "Sahil", "Gəncə", "Sumqayıt", "Neftçilər", "Elmlər" və "Gənclik" kimi filialları adi rejimdə çalışır və müştərilərə xidmət göstərməyə davam edir.

"Ötən il ərzində bankın korporativ biznesinin əldə etdiyi müsbət nəticələr bu prosesin effektiv və məqsədəuyğun olduğunu göstərib", - deyə məlumatda qeyd olunub.

Mediainfo.az