Unlu qənnadı məmulatlar istehsal edən müəssisə cərimə edilib

Unlu qənnadı məmulatlar istehsal edən müəssisə cərimə edilib

14 Sentyabr 2011 15:35
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda fəaliyyət göstərən şirniyyat istehsalçılarından daha biri cəzalandırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi Bakı şəhəri, Nərimanov rayonu, İ. Dadaşov küçəsi 52 ünvanında fəaliyyət göstərən "Çiççino" MMC-də unlu qənnadı məmulatların istehsalı zamanı normativ sənədlərin tələblərinə, metroloji qayda və normalara riayət olunması ilə bağlı dövlət nəzarəti həyata keçirib.

Araşdırma zamanı müəyyən olunub ki, məhsullar müəyyən edilmiş qaydada təsdiq olunmuş normativ və texnoloji sənədlər (reseptura) olmadan istehsal olunur. Unlu qənnadı məmulatların təhlükəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və uyğunluq sertifikatları mövcud deyil, istismar olunan ölçmə vasitələri müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur.

Aşkar olunmuş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.4 və 228.0.12 maddələrinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə tətbiq edilib. Eyni zamanda qanunvericiliyə uyğun olaraq sertifikatsız istehsal olunan məhsulların istehsalının dayandırılması barədə tələbnamə verilib.

Şirniyyat firmasına şirin olmayan xəbər.

Tofiq Əliyev

O.M.