Bu gün İtaliya parlamentində sərt iqtisadi tədbirlərlə bağlı səsvermə keçiriləcək

Bu gün İtaliya parlamentində sərt iqtisadi tədbirlərlə bağlı səsvermə keçiriləcək

14 Sentyabr 2011 11:08
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın baş naziri Silvio Berluskoni sentyabrın 14-də İtaliya parlamentində yeni maliyyə ixtisarı planının qəbul ediləcəyini bəyan edib. Silvio Berluskoni belə bəyanatla Avropa Şurasının daimi sədri Hərman Van Rompeylə birgə mətbuat konfransında çıxış edib. İtaliyanın baş naziri Hərman Van Rompeylə görüşdə avrozonadakı iqtisadi vəziyyət, İtaliyada maliyyə ixtisarı planı, eləcə də Avropa İttifaqında iqtisadi nəzarətdə islahatların aparılması yolları barədə müzakirələr aparılıb.

Silvio Berluskoni İtaliyanın 2013-cü ilədək büdcədə balansa nail olacağına söz verib. Hərman Van Rompey İtaliya hökumətinin tədbirlərini dəstəkləyib və bu planın təkcə İtaliya üçün deyil, bütün avrozona üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Silvio Berluskoni öz nitqində İtaliyanın maliyyə perspektivləri barədə nikbin fikirlər söyləyib.

Bu gün İtaliya parlamentinin aşağı palatasında hökumətin sərt iqtisadi tədbirləri ilə bağlı səsvermə keçiriləcək. Vergilərin artırılmasını və büdcə xərclərinin azaldılmasını nəzərdə tutan tədbirlər paketi dövlət borcunun 54 milyard avro aşağı salınmasına istiqamətlənib.

Xatırladaq ki, ötən həftə sərt iqtisadi tədbirlər planı İtaliya senatı tərəfindən dəstəklənmişdi. Bundan əvvəl isə Avropa Mərkəzi Bankı Yunanıstandan sonra İtaliyanın da avrozonanın ən çox borc alan ölkəsi olmasının qarşısını almaq üçün sərt iqtisadi tədbirlərin qəbul edilməsini tələb etmişdi.

Tofiq Əliyev

O.M.