"Elmlər Akademiyası" metro stansiyasının əsas vestibülü istifadəyə verilib

"Elmlər Akademiyası" metro stansiyasının əsas vestibülü istifadəyə verilib

15 Sentyabr 2016 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "Elmlər Akademiyası" metro stansiyasının əsas vestibülü istifadəyə verilib.

"APA-Economics" xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, cari ilin aprel ayının 15-də təmir üçün bağlanan stansiyada istifadə müddətini başa vurmuş hər 3 eskalator yeniləri ilə əvəzlənib: "Artıq hər 3 eskalator yeni, müasir eskalatorla əvəz olunub. Təbii ki, biz stansiyanın ilk, əsas vestibülünü sərnişinlər üçün bağladığımızdan vestibüldə əsaslı təmir işləri də aparmışıq. Onu da qeyd edim ki, stansiyanın arxitekturasına ümumiyyətlə toxunulmayıb. Amma köhnəlmiş elementlər yeniləri ilə əvəzlənib. İstər mərmər üzlüklər, istər çıl-çıraqlar, şəbəkələr təmizlənərək yenidən yerinə qoyulub. Eyni zamanda bu stansiyada bir çox yeniliklər də tətbiq olunub. Bunlardan biri də ventilyasiya sistemi ilə bağlıdır. İstər stansiyanın özündə, qapıların üst tərəfində yeni havalandırma sistemi quraşdırılıb".

N. Paşayevin sözlərinə görə, tətbiq olunan yeniliklərdən biri də görmə məhdudiyyətli şəxslər üçün xüsusi zolaqların salınmasıdır: "Həmin şəxslər stansiyadan içəri daxil olarkən sarı zolaqla hərəkət edərək turniketdən keçib eskalatora doğru irəliləyə biləcəklər. Stansiyadan çıxışda da sarı zolaqdan istifadə etmək mümkün olacaq".

QSC rəsmisi onu da vurğulayıb ki, təmir işlərinin 6 ay ərzində aparılması nəzərdə tutulsa da, işlər vaxtından əvvəl yekunlaşdırılıb.

Bundan başqa, "Bakı Metropoliteni" QSC bu gün "Bilik günü" olmasını nəzər alaraq "Elmlər Akademiyası" da daxil olmaqla, bütün stansiyalarda birinci sinfə gedən şagirdlər üçün müxtəlif dərs ləvazimatları paylayıb.

Mediainfo.az