Nazirlik ətin bahalaşmasına belə haqq qazandırdı

Nazirlik ətin bahalaşmasına belə haqq qazandırdı

9 Sentyabr 2016 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Hazırda Azərbaycanda bütövlükdə qeyri-neft sektoru üzə kənd təsərrüfatı məhsullarının ixracının stimullaşdırılması tədbirləri görülür. Bu qəbildən gömrük prosedurları sadələşdirildi, ixrac bazarlarında əlverişli şərait yaradıldı. Xüsusilə Rusiya bazarında gömrük prosedurları daha əlverişli hala gətirildi. Ölkəmiz pambıqçılıq, baramaçılıq və tütünçülükdən əlavə olaraq 10 milyonlarla manat qazanacaq"

Bu sözləri modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə hazırda ümumi vəziyyəti şərh edərkən deyib.

O qeyd edib ki, ölkədə ixracın stimullaşdırılması üçün dövlət siyasəti həyata keçirilir:

"Bundan başqa ixracyönümlü sahələrə dövlət dəstəyi bəyan olunub. Xüsusilə əsas ixrac məhsullarımız olan tərəvəzçiliyin inkişafı üçün istixanaların genişləndirilməsi aparıldı.

Bütün regionlarda güzəştli kreditlərin verilməsi əsas prioritet kimi qəbul edilib.

Pambıqçılıq, tütünçülük və baramaçılığın genişləndirilməsi üçün dövlət siyasəti müəyyən olunub. Texnika təminatında, dövriyyə vəsaitində, güzəştli kreditlərin verilməsində, emal müəssisələrinin, əkin sahələrinin genişləndirilməsində tədbirlər həyata keçirilir.

Həyata keçirilən devalvasiya siyasəti makroiqtisadi tədbir olaraq yerli məhsulların rəqabətqabiliyyətliliyini ixrac malları ilə müqayisədə kifayət qədər yüksəldib. Eyni zamanda hökumətdə müzakirə olunan məsələlərdən biri gömrük rüsumları vasitəsilə, ehtiyac olduğu vaxtda daxili bazarın qorunması üçün tədbirlər həyata keçirilsin".

Azərbaycanda istehsalı artırılan pambıq əti əvəz edə biləcəkmi?

Şöbə müdiri "Bu gün Azərbaycanda baramaçılıq, tütünçülük və pambıqçılığın inkişafı nə qədər gəlir əldə etmək potensialına malikdir ki, böyük diqqət bu sahələrə yönəldilib" suualına cavabında deyib:

"Ötən il ölkəmizdə pambıq istehsalı 35 min ton olub. Bu il əkin sahələrinin 3 dəfəyə yaxın artırılması hesabına pambıq əkilən sahələr 52 min hektara çatdırıldı. Xam pambığın 3 tonundan pambıq mahlıcı istehsal olunur. 100 min tondan 30 min tona çevrilmiş mahlıc əlavə olaraq 50 milyon dollar gəlir gətirir. Bundan başqa pambıq tullantıları, cecəsi və s. dən də gəlirlər əldə ediləcək.

Tütünün istehsal həcmi 2 dəfəyə qədər artırılacaq. İstehsal bu il 7 milyon tona çatdırılıbsa, növbəti illərdə daha da artırılacaq. Bununla belə 20-30 milyon tondan daha çox gəlir əldə olunacaq.

Bu ən minimal olaraq dünya bazarına ixrac üçün qiymətdir. Məhsulları xammal kimi satsaq belə, ölkə üçün 10 milyonlarla gəlir deməkdir. Gələn il əlavə 100 min hektardan 200 min ton pambıq əkiləcəksə, bu ölkəyə 100 milyon manat gəlir gətirəcək.

Bunlar ixracla bağlı məsələlərdir. Təbii ki, məhsullar emal olunandan sonra daxili bazarda da istifadə olunacaq.
Kənd təsərrüfatının ümumi strateji xətti bundan ibarətdir ki, intensiv ferma modelinin tətbiqini genişləndirməklə sürü otarma kimi köhnə metodlar aradan qalxacaq. Bunun hesabına da minlərlə, on minlərlə sahə əkin dövriyyəsinə cəlb olunacaq.

Günə iki litr, ilə min ton süd, az ət verən heyvanların otlaq yerlərinin yüksək məhsuldarlıqlı təsərrüfatların genişləndirilməsi üçün sərf olunması daha sərfəlidir".

"Ətin ucuz satılması normal hal deyildi"

Hazırda Azərbaycanda ət və ət məhsullarının bahalaşmasına gəlincə, qurum rəsmisi bununla razılaşmayıb:
"Ciddi bahalaşma nəyə deyirsiz? Axı keçən illə indiki qiymətlər üst-üstə düşür. Müəyyən bir dövrdə ətin qiymətinin 6,50-7 manata olması müvəqqəti idi. Devalvasiyadan sonra bazara yeni gələn istehsalçılar vəziyyətə alışmaq üçün buna gedirdi. Yəni, yerli istehsalın bazara təklifi artmışdı deyə müəyyən ucuzlaşmaya gedilmiş, ət 8 manatdan 7 manata enmişdi. Normal olmayan bu idi. İndi ət real bazar qiymətini alıb.

Devalvasiyadan sonra ətlik heyvandarlıq sərfəli hala gəlib. İnsanlar bilir ki, bu, gəlirli biznes sektorudur. Kökəltmə ilə məşğul olan yeni təsərrüfatlar genişlənir. Mala çoxlu yem vermək kökəltmək təsərrüfatı deyil.

İndiki halda 3-4 dollara Braziliyadan soya təsərrüfatında yetişdirilərək ölkəmizə gətirilən heyvanlar satıla bilər. Amma bizim öyrəşdiyimiz ət dadı var deyə heç kim onu almır.

Bir tərəfdən də ət idxalı azalıb. Çünki, yerli istehsalçılarımız rəqabətqailiyyətlilik sayəsində ət istehsalını genişləndirə bilib".