Qarabağ müharibəsi əlillərinə ev verilib

Qarabağ müharibəsi əlillərinə ev verilib

5 Sentyabr 2016 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 11 ədəd mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.

ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, mənzillərin istifadəyə verilməsi tədbirində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb: "Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 rayonda 116 fərdi yaşayış evi, Beyləqan rayonunda 54 mənzilli yaşayış binası, Abşeron rayonunda hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 64 mənzil qeyd olunan vətəndaşların istifadəsinə verilib. Beləliklə, cari ildə ümumilikdə 234 nəfər şəxs, o cümlədən 149 nəfər Qarabağ müharibəsi əlili, 85 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edilib. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün nazirliyin sifarişi ilə Bakı şəhərində və respublikanın müxtəlif bölgələrində çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir"

Bildirək ki, istifadəyə verilən 11 mənzildən 9 ədədi Qarabağ müharibəsi əlillərinə, 2-si şəhid ailələrinə təqdim edilib.

Mediainfo.az