Bakıda dollar ajiotajı- 20 gün sonra nə olacaq?

Bakıda dollar ajiotajı- 20 gün sonra nə olacaq?

1 Sentyabr 2016 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Maliyyə Bazarlarına Nəzarət Palatası banklara dollar satışı ilə bağlı xəbərdarlıq etdi; FED-in 20-21 sentyabr tarixlərində keçiriləcək toplantısından sonra isə...

Azərbaycanda dollar bahalaşmaqda davam edir. Avqustun 31-də ABŞ dollarının məzənnəsi avqust ayının 30-u ilə müqayisədə 0,25% artaraq 1,6321 manat təşkil edib. Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,12% möhkəmlənərək 1,8209 manat olub. Amma əsas problem odur ki, banklar dollar satışını ya həyata keçirmir, ya da "qara bazar" qiymətinə satır.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) valyuta mübadilə əməliyyatlarında müəyyən olunmuş faiz dəhlizi tələblərinə riayət edilməsi ilə bağlı kommersiya bankları və poçt rabitəsinin milli operatorlarına məktub göndərib.

Məktubda bildirilir ki, ictimaiyyətdən palataya bəzi banklar tərəfindən valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizindən əlavə komisyon haqlarının alınması ilə bağlı məlumatlar daxil olur.

"Bu isə əksər hallarda mövcud faiz dəhlizinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanları nəzərə alaraq valyuta mübadilə əməliyyatlarında əlavə komisyon haqlarının tətbiqi zamanı formalaşan faktiki məzənnənin müəyyən olunmuş limit hədləri çərçivəsində təmin edilməsi banklara və poçt rabitəsinin milli operatorlarına tapşırılır. Xahiş edirik işinizdə rəhbər tutasınız", - deyə məktubda vurğulanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank xidməti istehlakçılarının hüquqlarının qorunması və müştəri bank münasibətlərində bank xidmətlərinin dəyərinin şəffaflığının təmin edilməsi prioritet vəzifələrdən biri olaraq daim diqqətdə saxlanılır.

Bank sektorunda çalışanlar bildirib ki, son zamanlar palata bu sahədə nəzarəti gücləndirib. "Palata bankların filial və şöbələrində yoxlamalar aparır və 4%-lik marjanı pozan banklara qarşı xəbərdarlıq və sanksiyalar tətbiq edir" deyə, bank əməkdaşları əlavə ediblər.

Qeyd edək ki, Mərkəzi Bankın 08.01.2016-cı il tarixli məktubu ilə nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı milli valyutanın mübadilə məzənnəsi hədəfləri həmin gün üçün Mərkəzi Bankın rəsmi məzənnəsindən 4± % məbləğində müəyyən edilib.

Bu arada ABŞ Mərkəzi Bankının (Fed) Boston üzrə sədri Erik Rozenqren dolların uçot dərəcəsi ilə bağlı açıqlama verib.

Erik Rozenqren Fed-in inflyasiya və digər iqtisadi hədəflərinə qısa zamanda çatmasından sonra faizlərin uzun müddət aşağı səviyyədə saxlanılmasının riskli olduğunu ifadə edib.

Daşınmaz əmlak qiymətlərinin sürətlə bahalaşmasına diqqət çəkən Rozenqren investorların həddindən artıq risk etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu sektor maliyyə sabitliyini təhlükəyə ata bilər.

Boston Fed sədri qiymətlərdəki ümumi enişin maliyyə sektoruna yayılacağını və bunun borclular üçün daha əlverişsiz kredit şərtləri ortaya çıxaracağını bildirib.

Rozenqren iqtisadiyyatın yavaş böyüdüyü bir dövrdə daşınmaz əmlakların yenidən qiymətlərinin resessiyaya (Recessus latın dilində geriləmə deməkdir) -iqtisadiyyatda (xüsusən də makro iqtisadiyyatda) məruz qala biləcəyi xəbərdarlığını edir. Onun sözlərinə görə, bu vəziyyət FED-in faiz artırımına getdiyi senaridən daha pis vəziyyət yaradacaq. (baku.ws).

Qeyd edək ki, FED-in pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) 20-21 sentyabr tarixlərində toplantısı keçiriləcək. İclasda dolların uçot dərəcəsinin artırılması məsələsi müzakirəyə çıxarılacaq və yekun qərar qəbul olunacaq. FED-in mühüm iclası yaxınlaşdıqca dollar bütün valyutalar qarşısında bahalaşmaqda davam edir. (musavat)

Mediainfo.az