ABŞ-dan verilən qərar manatı xilas etdi

ABŞ-dan verilən qərar manatı xilas etdi

29 İyul 2016 10:48
325
Bəyəndim (0) Bəyənmədim (0)

Ekspert: "Çox güman ki, FED-in faiz artımı ilə bağlı qərarına qədər manat 1.65 səviyyəsində olacaq"

FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası başa çatıb. Ötən dekabrın 16-da FED uçot dərəcəsinin baza dərəcəsini illik 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Qeyd edək ki, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra əmək bazarında müsbət tendensiya müşahidə olunub. İqtisadi aktivliyə gəlincə, burada mülayim artım qeydə alınıb. Bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamada bildirilir. Açıqlamada qeyd edilib ki, iyun ayında məşğulluq sahəsində yüksək artım müşahidə edilib. Həmçinin təsərrüfat subyektlərinin xərcləri də artıb. İnflyasiyanın səviyyəsi 2%-dən aşağı olaraq qalıb. FOMC bunu enerjidaşıyıcılarının qiymətlərinin aşağı düşməsi fonunda energetika sahəsində qiymətlərin azalması ilə əlaqələndirib.

Dünya bazarlarında enerjidaşıyıcılarının qiymətinin aşağı düşməsi bir sıra neft ixrac edən ölkələrin milli valyutalarının, eləcə də Azərbaycan manatının dəyərdən düşməsinə səbəb olub. FED-in uçot dərəcəsinin dəyişməsi dolların ayrı-ayrı ölkələrin milli valyutalarına qarşı möhkəmlənməsinə gətirib çıxarır. Maliyyəçilər hesab edirdilər ki, FED-in uçot dərəcəsini artırması bəzi ölkələrin milli valyutalarının bir az daha dəyərdən düşməsi ilə nəticələnəcək. Bu mənada FED-in faizi artırmaması Azərbaycan manatını da müvəqqəti olaraq yaxın iki ay üçün xilas etmiş oldu. Lakin FED rəsmiləri bu ilin sentyabrında baş tutacaq növbəti iclasda faizin artacağına işarə edib. Bu informasiya isə 2 aylıq aralıq müddətdə dolların dünya bazarında bir qədər də yüksəlməsinə gətirib çıxaracaq.

Bəs görəsən, bu dəfə FED faizi artırsaydı, dünya iqtisadiyyatı və eləcə də Azərbaycan manatı ilə bağlı nə baş verərdi?

İqtisadçı ekspert Natiq Cəfərli "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, FED-in bu dəfə faizi artırmayacağı öncədən məlum idi: "FED-in uçot dərəcələrini artıracağı ilə bağlı gözləntisi olmayanlardan biri də mən idim. Bir neçə gün öncədən də bu fikri bildirmişdim. Çünki FED-in budəfəki konfransında heç öncədən mətbuat konfransı da nəzərdə tutulmamışdı. Uçot dərəcələrinin artırılması ilə bağlı qərarların gözlənildiyi toplantıda həmişə mətbuat konfransı planlaşdırılır. Bu dəfə isə sadəcə press-reliz yayıldı və öncədən də bəlli idi ki, uçot dərəcələri artmayacaq".

Ekspertin sözlərinə görə, faizin artmamasının səbəbi ABŞ iqtisadiyyatının özündə olan bəzi problemlərlə bağlı idi: "İşsizlik və inflyasiya dərəcəsi tam olaraq FED-in istədiyi səviyyədə deyil. Bundan başqa, Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı məsələlər tam həllini tapmayıb. Bu məsələdə də qeyri-müəyyənlik var. Bu məsələləri nəzərə alaraq FED faiz dərəcələrini artırmadı. Press-relizdə çox maraqlı cümlələr var idi. O cümlələrdən əsası ondan ibarət idi ki, yaxın gələcəkdə Amerika iqtisadiyyatı yaxşıya doğru gedir və faiz artımı ilə bağlı qərarların olması ehtimalı yüksəkdir. Bu o deməkdir ki, FED il ərazində faizləri bir dəfə qaldırmaqla bağlı qərar verəcək. Uçot dərəcəsi artsa, bu, dollar indeksinin bahalaşmasına səbəb olacaq".

N.Cəfərli onu da qeyd etdi ki, dollar indeksi bahalaşsaydı bu, Azərbaycana iki yöndən təsir göstərərdi:"Bizimlə ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının ucuzlaşması avtomatik olaraq manata təzyiqi artırar, ikinci isə dolların bahalaşması həmişə xammalların daha da ucuzlaşması ilə müşahidə olunardı. Bu da Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinə mənfi təsir edə bilərdi. Bu iki yöndə təsirlər Azərbaycan manatına təsirləri artıra bilərdi. Yaxın gələcəkdə, FED-in bu qərarı verəcəyini nəzərə alsaq, bu təsirlər qaçılmaz olacaq. Sadəcə, proses 2-3 ay ertələndi. Manatın təzyiq altında qalması gözləniləndi. Azərbaycanın özünün daxili problemləri ilə yanaşı FED-in verdiyi qərarın da təsiri altında qalaraq dəyər itirəcək".

Manatın konkret olaraq nə qədər dəyər itirəcəyinə gəlincə, Natiq Cəfərli bildirdi ki, Azərbaycanda manatın məzənnəsi bazar qanunlarına uyğun olaraq tənzimlənmədiyi üçün bunu demək çətindir: "Hökumət manatın üzən məzənnəyə keçdiyini deyir. Lakin məlum olduğu kimi, manat inzibati yolla, Mərkəzi Bankın qərarları ilə tənzimlənir. Əgər manatın məzənnəsi hər gün eyni qaydada aşağı düşürsə, deməli, bu üzən məzənnə deyil. Bu baxımdan, düşünmürəm ki, Azərbaycan Mərkəzi Bankı FED-in uçot dərəcələrini artırmaq qərarından sonra dərhal manatın kəskin ucuzlaşmasına gedəcək. Görünən odur ki, Azərbaycan hökuməti və Mərkəzi Bankı bu qərara hazırlaşır. Gündəlik olaraq, məzənnəni 0,30-0,31 qəpik azaltmaqla, artıq FED-in qərar verəcəyi günə qədər manatın kifayət qədər zəifləməsini təmin edəcək. Yəqin ki, biz bu yaxınlarda manatın rəsmi məzənnəsinin 1, 65-ə qədər düşəcəyini görəcəyik. Hökumət məzənnəni kəskin dəyişməmək, sosial narazılığa səbəb olmamaq üçün gündəlik olaraq manatın məzənnəsinin azalmasına getməklə buna hazırlaşır. Çox güman ki, FED-in faiz artımı ilə bağlı qərarına qədər manat 1.65 səviyyəsində olacaq". (musavat)

Mediainfo.az