Müəllimlərin işə qəbulu üçün qeydiyyatı başa çatıb

Müəllimlərin işə qəbulu üçün qeydiyyatı başa çatıb

18 İyul 2016 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin birinci mərhələsi (elektron ərizələrin qəbulu) başa çatıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31779 nəfərin elektron ərizəsi təsdiq edilib. Test mərhələsinin keçirilmə yeri və tarixi barədə əlavə məlumat imtahan iştirakçılarının şəxsi səhifələrinə göndəriləcək.

Hazırda respublikanın ümumi təhsil müəssisələrində olan 3346 vakant yer müsabiqəyə çıxarılıb. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.

Qeyd edək ki, elektron ərizələrin doldurulması, test suallarının cavablandırılması qaydaları, test nümunələri və digər zəruri məlumatlar miq.edu.az saytında yerləşdirilib.

Mediainfo.az