Növbəti bahalaşma dalğası gəlir

Növbəti bahalaşma dalğası gəlir

18 İyul 2016 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ekspertlər qiymət artımının gözlənildiyi sahələri açıqladılar; çörək də bahalaşa bilər

Bir neçə gün əvvəl ölkədə işıq pulunun bahalaşması digər sahələrdə də bahalaşma ilə bağlı narahatlıqlar yaradıb. Ekspertlər bildirirlər ki, artımlar əsaslı olmasa da, gözləniləndir. Daha çox nəqliyyat xərclərinin və həmçinin çörəyin qiymətinin artması gözlənilir.

Ekspert Qubad İbadoğlu musavat.com-a işıq pulunun artımından sonra növbəti gözlənilən bahalaşma istiqamətlərini açıqlayıb. O bildirib ki, ilk olaraq qatarlarda və metroda gedişhaqqının bahalaşması mümkündür: "Çünki həm dəmiryol, həm də metro nəqliyyatında istifadə olunan enerji kifayət qədər yüksəkdir. Əgər sektorlara baxsaq, metallurgiya daha çox enerji istehlak edir. Eyni zamanda, emal sənayesindən dəyirmanlar, un üyüdən sexlər, çörəkbişirmə sexləridir. Onların enerjiyə kifayət qədər tələbatı olur. Nəzərə alsaq ki, işığın qiyməti bahalaşıb, onda mümkündür ki, un üyüdən sexlərdə enerjiyə olan ödənişlərinin xərc tutumunda çəkisinin artması çörəyin və qənnadi məmulatlarının da qiymətinin bahalaşmasına təsir göstərə bilər. Əsasən narahat edən məqam gedişhaqqı və çörəyin bahalaşmasıdır. Metroda gedişhaqqı bahalaşsa, avtobuslar nəqliyyatında da gedişhaqqının qiymətinə təsir göstərəcək. Eyni sektordur, qiymət bahalaşması digərinə təsir göstərəcək".

Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında qeyd edib ki, əslində təbii inhisarların hamısında qiymət artımının olması ehtimalı yüksəkdir: "Təbii inhisarlar Tarif Şurası tərəfindən tənzimlənir. Bundan sonra qazın qiymətində və nəqliyyat xərclərində artımın olması ehtimalı çox yüksəkdir. Ən azından, nəqliyyatla bağlı bir neçə dəfə müraciət də edilib. Metroda, avtobuslarda gedişhaqqı ilə bağlı müraciətlər olub. Çox güman ki, növbəti addım kimi yaxın gələcəkdə təbii qazın və nəqliyyat xərclərinin artmasının şahidi ola bilərik. Amma bunlar əsaslı deyil. Elektrik enerjisinin artımı da əsaslı deyildi. Çünki daxili istehsal hesabına başa gəlirdi. Sadəcə təbii inhisarçıların çox pis idarə olunmasının nəticəsində onların borcları yığılıb. İdarəetmədə olan problemləri, borc problemlərini vətəndaşın cibi hesabına həll etməyə çalışırlar. Bu da çox səhv, yanlış bir yoldur".

Ekspert Elşad Məmmədov isə qeyd edib ki, elektrik enerjisinin qiymətlərinin artırılmasının fəsadları özünü tezliklə göstərəcək: "Tarif Şurasının son qərarı ilə elektrik enerjisinin tariflərinin artırılması sözsüz ki, sosial-iqtisadi proseslərə öz təsirini göstərəcək. Belə ki, ölkədə istehsal olunan əksər əmtəə və xidmətlərin formalaşmasında elektrik enerjisinin xüsusi çəkisi kifayət qədər əhəmiyyətli rol oynayır. Bu baxımdan elektrik enerjisinin qiymətlərinin artımı bir çox digər sahələrdə də qiymət artımına səbəb olacağı gözlənilir. Bildiyimiz kimi, kənd təsərrüfatı, qida sənayesi, metallurgiya, kimya sənayesi məhsullarının qiymətlərinin formalaşmasında, eləcə də ticarət və xidmət sahələrində, o cümlədən metro və dəmir yolu nəqliyyatında qiymətlərin formalaşdırılmasında elektrik enerjisinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksək səviyyədədir. Buna görə də bu sahələrdə yaxın perspektivdə qiymət artımını müşahidə edəcəyimizi proqnozlaşdırmaq olar. Bundan əlavə, istehlak bazarında inhisarçılığın yüksək səviyyədə olduğunu nəzərə alaraq, inhisarçılar tərəfindən elektrik enerjisi qiymətlərinin artırılmasından istifadə edərək öz məhsul və xidmətlərinə qiymətləri bir qədər də artıracağına cəhd edəcəkləri ehtimalı mövcuddur". (musavat)

Mediainfo.az