Deputat “torpaq işğalçılarının” siyahısının açıqlanmasını istəyir

Deputat “torpaq işğalçılarının” siyahısının açıqlanmasını istəyir

14 İyul 2016 08:29
Bəyəndim (0) Bəyənmədim (0)

Vahid Əhmədov: "Hansı məmurlar 100 hektarlarla torpaqları ucuz qiymətə mənimsəyibsə..."

Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin iclasında istifadəsiz və qeyri-qanuni zəbt olunmuş torpaqlarla bağlı dedikləri geniş müzakirə olunmaqdadır. Dövlət başçısının dediklərindən: "Xüsusilə nəzərə alsaq ki, neftdən gələn gəlirlərin həcmi azalıb, biz bu gəlirləri müəyyən mənada kənd təsərrüfatı məhsullarının ixracı ilə kompensasiya etməliyik. Ona görə torpaqlardan səmərəli şəkildə istifadə əsas vəzifədir. Bəzi hallarda torpaqlar zəbt edilib. Minlərlə torpaq sahələri hasarlanıb. Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur. Bu, yolverilməzdir".

Prezident vurğulayıb ki, torpaqlardan səmərəli şəkildə istifadə edilməlidir: "Əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki, digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər".

Məsələ ilə bağlı "Yeni Müsavat"a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prezidentin çıxışından bir sıra məqamlara diqqət çəkib: "6 aylıq yekunla əlaqədar keçirilən iclasda cənab prezident həm hökumət nümayəndələrinə, həm də əhaliyə bir sıra mesajlar verdi. Dünyadakı siyasi-iqtisadi proseslərin bütün dünyaya, o cümlədən Azərbaycana da müəyyən təsirini izah etdi. Eyni zamanda neft erasının başa çatması, həm hasilatın müəyyən qədər azalması, həm də qiymətlərin aşağı düşməsi əlbəttə ki, Azərbaycanın gəlirlərinə də öz təsirini göstərir. Bu baxımdan cənab prezident əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafına diqqət çəkdi. Çünki son zamanlar kənd təsərrüfatının inkişafında müəyyən irəliləmələr var. Həmçinin ixracda da 3-4 dəfə artım var. Bu baxımdan qeyd etdiyim kimi bu sahəyə daha çox diqqət edilir. Prezident eyni zamanda torpaq sahələri ilə əlaqədar problemə də toxundu. Deyim ki, bu çox ciddi bir problemdir. Bu problemlər yəqin ki, həll olunacaq. Çünki 300-400 hektarlarla torpaq sahələri müəyyən məmurlar, insanlar tərəfindən alınıb və istifadəsiz şəkildə saxlanılır. Bu sahələrin içərisində həm kənd təsərrüfatı torpaqları, həm də böyük yaylaqlar, örüş yerləri var ki, onlar da qeyd olunduğu kimi istifadəsizdir. Yəni bu məsələlər aydınlaşdırılmalıdır. Torpaq ondan ötrüdür ki, əkilsin, becərilsin. Hesab edirəm ki, bu ciddi məsələni sona çatdırmaq lazımdır".

Deputat mətbuata da bu məsələni gündəmdə saxladığı üçün minnətdar olduğunu bildirib: "Yaxşı olardı ki, hansı məmurlar 100 hektarlarla torpaqları ucuz qiymətə mənimsəyiblərsə, onların siyahısını biz də bilək. Əhali də bilsin ki, həmin torpaqlar kimlərə məxsusdur və nəyə görə onlardan istifadə olunmur. Eyni zamanda ikincisi və əhalini narahat edən daha bir ciddi məsələ dərman istehsalı ilə bağlıdır. Çünki dərmanların qiymətlərində də problemlər var və bu qiymətlər çox yüksəkdir. Həmin dərmanların əksəriyyəti xaricdən, dollarla gətirilir. Dollar bahalaşdıqca, dərmanın da qiyməti gün-gündən bahalaşır. Bu baxımdan Azərbaycanda dərman istehsalına çox böyük ehtiyac var. Bunu da tezləşdirmək lazımdır. Ümumiyyətlə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı önəmli məsələdir. Prezident həmçinin çıxışı zamanı idxal-ixrac, tədiyyə balansına da toxundu. Əlbəttə, idxalda elə məhsullar var ki, onu Azərbaycanda istehsal etmək mümkündür. Bu məhsulların siyahısını müəyyən etmək lazımdır. Əslində bunu çoxdan etmək lazım idi. Çünki hələ 2004-cü ildə cənab prezident Gülüstan sarayında regionların iqtisadi inkişaf proqramını müzakirə edən zaman hökumətin qarşısına iki məsələ qoymuşdu: ərzaq təhlükəsizliyinin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı. Çox təəssüf ki, keçən müddət ərzində bu sahədə çox ciddi uğurlara nail ola bilmədik. Çünki neftdən gələn gəlirlər görünür hökuməti elə bir vəziyyətə gətirdi ki, onlar digər sahələrlə məşğul olmadılar və qeyri-neft sektoru Azərbaycanda ciddi şəkildə inkişaf etmədi. Eyni zamanda, xidmət sahəsinə də diqqəti artırmaq lazımdır. Çünki bu cür sahələr qısa zamanda vəsait, gəlir gətirən sahələrdir. Həmçinin turizmin də keyfiyyətini yüksəltmək lazımdır".

V.Əhmədov bildirib ki, dövlətin bu sahələrə vəsait yatırması üçün imkanlar var: "Bu sahələrə sərmayə yatırmağa dövlətin hər zaman imkanı var. Orada elə bir ciddi problem də yoxdur. Çünki həm Sahibkarlığa Kömək Milli Fondu, həm də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahələrə müəyyən yardımlar edilir. Cənab prezident də mütəmadi olaraq, Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif sahələrin inkişafı üçün öz ehtiyat fondundan vəsait ayırır. Yəni vəsait problemi yoxdur. Düzdür, ümumi götürəndə Azərbaycanda vəsait problemi, manat qıtlığı var. Ancaq bunlar müəyyən zamana qədərdir". (musavat)

Mediainfo.az