“AccessBank”-ın müqaviləsi məhkəmə ekspertizasına göndərildi

“AccessBank”-ın müqaviləsi məhkəmə ekspertizasına göndərildi

5 İyul 2016 13:57
Bəyəndim (0) Bəyənmədim (0)
“Mətbuat” firmasının təsisçisi: ““AccessBank”-ın rəsmi saytının məlumatlarına inansaq, əminliklə deyə bilərik ki, bank dolayısı ilə mənim maliyyə vəsaitlərimi mənimsədiyini etiraf edir”

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Rafael Əliyevin sədrliyi ilə məhkəmə iclası keçirilib. İclasda "Mətbuat" firmasının təsisçisi Emin Axundovun "AccessBank QSC"-nə qarşı iddia ərizəsinə baxılıb. İddiaçı Emin Axundov və onun nümayəndəsi Natiq Qocayev mövcud iddia ərizəsi ilə bağlı məhkəmə heyətinə ətraflı məlumat veriblər. Daha sonra "AccessBank QSC"-nin nümayəndəsi Elman Ağayev adıçəkilən kredit müqaviləsinə əsasən tərtib olunmuş Ödəniş Planını hakimə və qarşı tərəfə təqdim edib. Hakim Rafael Əliyev "AccessBank QSC"-nin nümayəndəsindən mövcud mübahisə predmeti olan kredit müqaviləsini istədikdə, "AccessBank QSC"-nin nümayəndəsi Elman Ağayev belə bir müqavilənin bankda olmadığını və bu səbəbdən məhkəməyə təqdim oluna bilməyəcəyini bildirib. İddiaçı Emin Axundovun vəsatətinə əsasən və "AccessBank QSC"-nin nümayəndəsi Elman Ağayevin razılığı ilə, hakim Rafael Əliyev mübahisə predmeti olan bank müqaviləsi və ona uyğun sənədlər üzrə məhkəmə ekspertizası təyin edib.

Faktla bağlı Mediainfo.az-a məlumat verən "Mətbuat" firmasının təsisçisi Emin Axundov bugünkü təəssüratlarını bölüşərkən deyib: "Sonuncu məhkəmə iclasında qarşı tərəf hakimin sorğusuna məhəl qoymadan müqaviləni gətirmədi, sadəcə Ödəniş Planını təqdim etməklə kifayətləndi. Ödəniş Planını biz onsuz da məhkəməyə təqdim etmişdik, "AccessBank QSC"-nin nümayəndəsinin bu sənədi yenidən məhkəməyə təqdim etməsi bir qədər gülüş doğurur. Digər tərəfdən, əgər Ödəniş Planı bankda varsa, deməli, kredit müqaviləsi də olmalıdır. Ən azı ona görə ki, hər hansı Ödəniş Planı bankla kredit alan arasında bağlanmış Müqaviləyə əsasən tərtib olunur. Bu isə onu deməyə əsas verir ki, bank səhvlərini bildiyi üçün bilərəkdən müqaviləni gizlətməyə çalışır".

Daha sonra Emin Axundov məsələyə bir qədər də aydınlıq gətirib: "Biz "AccessBank QSC"-ni məhkəməyə verməmişdən əvvəl onlara aid olan bir neçə sənədi iqtisadi ekspertlərlə, maliyyə mütəxəssisləri ilə birlikdə müzakirə etmişik. Hər bir halda adıçəkilən bankın vətəndaşlarla bağlı maliyyə münasibətlərində qanunvericilik normalarının pozulduğunun şahidi olmuşuq. Hətta "AccessBank QSC"-nin rəsmi saytı olan Accessbank.az saytına daxil olaraq, mübahisə predmeti olan müqavilənin kredit şərtlərini bank kalkulyatoruna yenidən daxil etmişik. Nəticədə haqlı olduğumuz bir daha sübuta yetirilib. Yəni kalkulyatorun verdiyi yekun nəticə ilə Ödəniş Planındakı yekun nəticə arasında külli miqdarda fərq olduğu meydana çıxıb. Deməli, "AccessBank"-ın rəsmi saytının məlumatlarına inansaq, əminliklə deyə bilərik ki, bank dolayısı ilə mənim maliyyə vəsaitlərimi mənimsədiyini etiraf edir. Onu da qeyd edim ki, əlimizdə bütün bu prosesləri əks etdirən video və foto görüntülər var".

Sonda Emin Axundov mübarizələrini sonadək davam etdirəcəklərini bildirib: "Sadə vətəndaşların banklarla bağlı problemləri olduqca çoxdur. Bəzi bankların qanuna müvafiq olmayan hərəkətləri bu problemləri daha da dərinləşdirir. Biz jurnalist təşkilatı olaraq, qanunvericilik çərçivəsində bu problemlərin ictimailəşdirilməsində və həllində maraqlıyıq. Mübarizəmizin məqsədi odur ki, heç bir maliyyə təşkilatı vətəndaşların iqtisadi vəziyyətindən istifadə edib onların hüquqlarını tapdalaya bilməsin. Biz qanunun aliliyinin təmin edilməsi və günahkarların cəzalandırılması yolunda fəaliyyətimizi davam etdirəcəyik. Məsələni bütün müstəvilərdə, aidiyyəti üzrə hər bir instansiyada müzakirəyə çıxaracağıq. Dövlətimizin sosial yönümlü, insan haqlarına əsaslanan siyasətinə kölgə sala biləcək bütün neqativ halların aradan qaldırılmasına nail olana qədər mübarizə aparacağıq. Bu işdə geniş ictimaiyyətin dəstəyinə arxalanırıq. Əminik ki, maliyyə sektorunda neqativ halların aradan qaldırılması, iqtisadi inkişafa birbaşa təkan verəcək və vətəndaşların sosial rifah halının yüksəldilməsinə şərait yaradacaq. Bu isə hər bir vətəndaşın və ümumilikdə dövlətçiliyimizin maraqlarına xidmət edir."

Xatırladaq ki, Emin Axundov 2007-ci ildə "AccessBank QSC"-dən üç il müddətinə 60 000 ABŞ dolları məbləğində kredit götürüb və krediti vaxtlı vaxtında ödəyərək bağlayıb. Sonradan məlum olub ki, "AccessBank QSC" Kredit Planına əsasən ondan artıq pul alıb.

Mövzu ilə bağlı silsilə məqalələri və yeni-yeni faktları yaxın günlərdə Sizlərə təqdim edəcəyik.

Mediainfo.az