Nazir müavini: “Ünvanlı sosial yardım alanlar tənbəlləşirlər”

Nazir müavini: “Ünvanlı sosial yardım alanlar tənbəlləşirlər”

28 İyun 2016 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

"Ünvanlı sosial yardım passiv elementdir. Heç nə etmədən dövlətdən təminat alırsan, amma öz fəaliyyətin olmur".

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib.

Nazir müavinin sözlərinə görə, özünəməşğulluq daha aktiv bir fəaliyyətdir: "Dövlət tərəfindən insanlara, ailələrə maliyyə yardımı verilir ki, onlar öz bizneslərin təşkil etsinlər. Bu daha effektiv vasitədir. Bu illər ərzində ünvanlı sosial yardımın həyata keçirilməsi praktikası onu göstərdi ki, insanlarımız bu yardımı alarkən aktiv həyatdan çəkinirlər, tənbəlləşirlər".

İ.Rəhimov əlavə edib ki, bölgələrdə ünvanlı sosial yardım alan insanlar təsərrüfat işləri ilə də məşğul olmurlar.

"Ünvanlı sosial yardım alanlar arasında aparılan təhlillər onu göstərir ki, xüsusən kəndlərdə onların 70-75%-nin öz torpaqları var. Bu torpaqlardan nə özləri istifadə edirlər, nə kiməsə icarəyə verirlər. Aktiv əhali daha çox özünəməşğulluq istiqamətlərinə cəlb olunmalıdır və o istiqamətdə inkişaf etməlidir. Təbii ki, ünvanlı sosial yardım alan əhali arasında elə ailələr var ki, onlardan asılı olmayan səbəblərdən aktiv fəaliyyətlə məşğul ola bilməzlər, ya ciddi əlilliyi var, ya elə bir böyük ailədir ki, onlarda körpə uşaqlar çoxdur, ya yaşlı insanlar çoxdur, hansı ki, onlara mütləq xidmət olunmalıdır. Elə əhali qrupları olacaq, dövlət onlara öz yardımlarını göstərməyə davam edəcək", - deyə nazir müavini qeyd edib.

Mediainfo.az